İsrail Baş naziri Binyamin Netanyahu digər ərəb və İslam ölkələrinin Təl-Əvivlə normallaşma prosesinə gözləniləndən daha tez girəcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Yerusəlimdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftla görüşündə danışıb.
“Bəzi ərəb ölkələrinin bu addımı atdığını, bəzilərinin də bu addımı atmaqda olduğunu görürük. Gözlədiyimizdən daha çox ölkənin və bəlkə də gözlədiyimizdən daha sürətlə normallaşma prosesinə girəcəyini görəcəyik”, - baş nazir vurğulayıb.
“Yerusəlim Post” qəzetinin iddiasına görə, İndoneziya və Oman İsraillə münasibətləri normallaşdırmaq qərarını verməyə yaxındır.
Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn sentyabrın 15-də Ağ Evdə təşkil edilən görüşdə İsraillə münasibətləri normallaşdırmaq üçün bir müqavilə imzalayıb. Bu iki ölkə 1979-cu ildə Misir və 1994-cü ildə İordaniyadan sonra İsraillə anlaşan üçüncü və dördüncü ərəb ölkələridir. Daha sonra Sudan və Mərakeş də bu normallaşma prosesinə qatılıb.