İsveçdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin Səhiyyə İdarəsinin nümayəndəsi Sara Büfors məlumat verib.
"Södermanland əyalətində Böyük Britaniyada aşkarlanan mutasiyaya uğramış koronavirus variantına yoluxma qeydə alınıb", - deyə qeyd edib. Onun sözlərinə görə, koronavirusun yeni ştammına yoluxan şəxs Böyük Britaniyadan gəlib və ölkəyə girdiyi zamandan karantində olub.
Səhiyyə İdarəsinin nümayəndəsi Böyük Britaniyadan İsveçə gələnləri koronavirus testindən keçməyə və təcrid olunmağa çağırıb.
Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.