29 Dekabr 2020 22:10
2 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan əks-kəşfiyyat xidməti, ölkədə ən azı altı ay fəaliyyət göstərən Çin kəşfiyyat şəbəkəsini ifşa edib. Maraqlıdır ki, Çin kəşfiyyatçıları “Taliban” qruplaşmasının nümayəndələri ilə əlaqələr yaradıblar. Böyük ehtimalla Əfqnıstandakı Çin casus şəbəkəsi Amerikanın xüsusi xidmət orqanlarının fəaliyyəti nəticəsində müəyyənləşib və bu haqda Kabilə məlumat verilib.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzindən Teleqraf.com-a daxil olan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi dekabrın ortalarında Kabildə böyük əməliyyat keçirdərək Çin kəşfiyyatnın 10 agentini həbs edib:

“Əfqanıstan təhlükəsizlik rəsmilərinin sözlərinə görə, söhbət “Pekinin bölgədəki geosiyasi təsirini təşviq etmək üçün” Çin Kommunist Partiyasının maraqları naminə bir neçə ay fəaliyyət göstərən mürəkkəb və geniş yayılmış agentlər şəbəkəsinin ləğvindən gedir. Çin kəşfiyyat zabitləri arasında Li Yanyanqın adı daha çox çəkilir. Əfqanıstan əks-kəşfiyyat zabitlərinin dediklərinə görə, Li Yanyanq iyul ayında ölkədə casusluq şəbəkəsinin vacib bir elementi olaraq fəal şəkildə işləməyə başlayıb. Li Yangyanq dekabrın 10-da Kabildəki ofisində həbs edilib.

Kabil mənbələrinə görə, axtarış zamanı Əfqan əks kəşfiyyat zabitləri silah, döyüş sursatı, partlayıcı maddələr və ketamin dərmanı aşkar ediblər.

Li Yanyanqın tutulması ilə eyni vaxtda, əfqan zabitləri başqa bir Çin agenti Şa Honqu da həbs ediblər. Kabulun tam mərkəzində - Şirpur bölgəsində yerləşən iqamətgahında axtarış zamanı partlayıcı maddələr və narkotik maddələr tapılıb. Əfqan əks-kəşfiyyat xidmətinin zabitləri Li Yanyanq və Şa Honqdan əlavə daha yeddi Çin agentini həbs edib. Onlardan birinin Tailand vətəndaşı olduğu ortaya çıxıb”.

Məqalədə vurğulanıb ki, əfqan təhlükəsizlik xidməti tərəfindən tutulan Çin kəşfiyyat qrupunun əsas vəzifələrindən biri, Çin ərazisindən Əfqanıstana və qonşu ölkələrə qaçan uyğur silahlıları haqqında məlumat toplamaq olub:

“Bu məqsədlə çinli casuslar, “Taliban” qruplaşmasının səhra komandirləri ilə birlikdə, “Taliban”la əlaqəli olan “Əl-Qaidə” silahlıları ilə də müntəzəm olaraq görüşüblər. Li Yanyanqın agent şəbəkəsinin əsas diqqətinin Əfqanıstanın şimalındakı Badaxşan əyalətinə yönəldiyi, burada bir sıra Uyğur məskənlərinin olduğu, digərləri ilə birlikdə Çindən ailələri ilə birlikdə qaçan uyğur silahlılarının yaşadığı məlumdur. Əfqan təhlükəsizlik səlahiyyətlilərinin sözlərinə görə, Çin casusları bu barədə Pekinə məlumat ötürməklə yanaşı, bəzi Uyğur liderlərinin fiziki ləğvini də hazırlayıblar.
Əfqanıstanda Çin kəşfiyyat şəbəkəsinin ələ keçirilməsi ABŞ-ın uyğurlardan formalaşan Şərqi Türküstan İslam Hərəkatını təşkilatını terrorçular siyahısından çıxardıqdan bir müddət sonra baş verib.

Görünür, Pekin bu qruplaşmanın ABŞ tərəfindən dəstəklənəcəyindən ehtiyat etdiyindən uyğurları dünyanın müxtəlif ölkələrində təqib etməyə başlayıb.

Beləliklə, Çin hakimiyyəti və kəşfiyyatçıları uyğurları yalnız ölkə içində deyil, kənarda da təqib edirlər. Çin kəşfiyyat xidməti uyğurlar haqqında məlumat toplamaq və onları neytrallaşdırmaq üçün hətta terrorçu təşkilatlar sayılan “Əl-Qaidə” və “Taliban”la da təmaslar qurmaqdan çəkinmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər