“Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı bölgələri terrorçulardan təmizlədikdən sonra bölgədə sülh, təhlükəsizlik və asayiş bərpa olunub”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.
Nazir əməliyyatlardan sonra 1 milyondan çox suriyalının öz torpaqlarına könüllü şəkildə geri qayıtdığını, Suriyanın şimalında Türk Silahlı Qüvvələrinin nəzarətində olan bölgələrdə normallaşma səylərinin intensiv şəkildə davam etdiyini bildirib.
Akar bölgədə qurulması planlaşdırılan terror dəhlizinin Türk Silahlı Qüvvələri tərəfindən məhv edildiyini vurğulayıb:
“Əgər bu əməliyyatlar olmasaydı, Türkiyə Silahlı Qüvvələri müdaxilə etməsəydi, onların həvəslərini qursaqlarında qoymasaydı, inanın ki, bölgədə çətin və fərqli vəziyyətin yaranması qaçılmaz olacaqdı. Bu, yalnız Türkiyənin sərhədləri və vətəndaşları üçün yox, Suriya üçün ciddi təhdid və təhlükə yaradacaqdı. Bu məsələlərdəki mövqeyimizi hər kəs bilməlidir. İraq və Suriyanın başda olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə hörmətlə yanaşırıq, heç kimin torpağında gözümüz yoxdur. Yeganə narahatlığımız sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Yeganə məqsədimiz bölgəni terrorçulardan təmizləməkdir”.
Akar PKK və digər terror təşkilatlarının bölgədəki köklərini kəsənə qədər mübarizəyə davam edəcəklərini bildirib.