Rusiya mediası və rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid atəşinə tutmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, buna Zelenskinin Yeni il çıxışı zamanı “Krım Ukraynadır” mesajı səbəb olub.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü, Krımdan olan “deputat” Sergey Tsekov Zelenskinin Yaltada qumun üstünə Krımın Ukrayna olduğunu yazmaq istəyini “sadəlövhlük” adlandırıb.
Tsekov etdiyi çıxışa görə Ukrayna liderini hədələyib: “Zelenski adi həyatda sadəlövh insan ola bilər, amma sadəlövh prezident olması Ukraynaya ciddi problemlər yaradacaq”.
Krım “parlamentinin turizm və idman komitəsinin rəhbəri” Aleksey Çernyak da Zelenskinin bu istəyini “gülünc” adlandırıb: “Onsuz da bunu dinləmək gülüncdür. Bütün dünya, Avropadakı və Amerikadakı bütün siyasətçilər bu mövzunu çoxdan xatırlamırlar”.
Zelenski Yeni il müraciətində Krımın Ukraynaya aid olmasını internetdə deyil, Yalta sahillərində qumun üzərində yazmaq istədiyini söyləyib. Donbas və Krımda yaşayan insanları saatı geri qurmağa (Moskva vaxtına görə yaşayırlar), Ukrayna ilə birlikdə olmağa çağırıb.
Əlavə edək ki, Krım BMT və beynəlxalq təşkilatların müvafiq sənədləri ilə Ukrayna ərazisi kimi tanınır. Bölgə 2014-cü ildə Rusiya tərəfindən “ilhaq” edilib. Ukrayna da daxil olmaqla, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi və ABŞ bunun işğal olduğunu əsas gətirərək, Rusiyaya sanksiyalar tətbiq edirlər.