Çinin “Alibaba” internet şirkətinin qurucusu, iş adamı Cek Manın oktyabr ayında bu ölkənin birjalarına nəzarət edən qurumları və dövlət banklarını tənqid etdikdən sonra müəmmalı şəkildə yoxa çıxdığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Cek Manın münsifi olduğu “Africa's Business Hereos” televiziya proqramının çəkilişlərində iştirak edəcəyi bildirilsə də, bunun başa tutmayacağı açıqlanıb.
Ma proqramın reklam videolarından çıxarılıb, Manın yerinə isə “Alibaba”nın rəhbərlərindən biri olan Lusi Pengin münsif kimi keçəcəyi bildirilib.
“İş qrafikinə uyğun olmadığı üçün cənab Ma “Afrikacas Business Hereos”un finalında münsiflər heyəti arasında olmayacaq”, - Alibabadan verilən açıqlama qeyd edilib.
Noyabr ayında verilişin son çəkilişlərində iştirak edən milyarder iş adamı, o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmır.
Çinin ən varlı adamlarından və tanınmış sahibkarlarından biri olan iş adamının Çin birjalarına nəzarət edən qurumları və dövlət banklarını geridə qalmaqda ittiham edərək tənqid etdiyi bir çıxışından sonra itkin düşdüyü iddia olunub.
Tənqidlərdən sonra Çin hökuməti tərəfindən Manın qurucusu olduğu “Ant Group” şirkətinin Honq Konq və Şanxay birjalarındakı fəaliyyəti dayandırılıb və iş adamının qurucusu və keçmiş baş meneceri olduğu “Alibaba” qrupuna qarşı istintaq başladılıb.