“Demokratlar Senatı və Ağ Evi bizdən oğurlamağa çalışırlar. Buna imkan verməyəcəyik, sona qədər mübarizə aparacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, prezident seçkilərində Corciya ştatında qalib gələn namizədin özü olduğunu bildirib: “Corciyada məğlub olmaq ehtimalımız yox idi. Bu, saxta bir seçki idi”.
Tramp Corciyada keçiriləcək parlament seçkilərində Senatdakı Respublikaçıların öz yerlərini qoruyacaqlarına inandığını söyləyib: “Demokratlar Senatı və Ağ Evi bizdən oğurlamağa çalışırlar. Buna imkan verməyəcəyik, sona qədər mübarizə aparacağıq”.
O, noyabrın 3-də keçirilən prezident seçkilərində korrupsiya olduğunu və insanların buna qarşı səslərini yüksəltmələri lazım olduğunu deyib: “Əgər indi bir şey etməsək, bir daha bu ölkədə ədalətli seçkilər olmayacaq”.
Tramp Demokratların ölkənin sistemini məhv etməyə çalışdıqlarını iddia edib: “Bizim son müdafiə xəttimiz Senatdakı yerlərdir. Gəlin, bunlara sahib çıxaq”.
Prezident seçkilərində əsas qalib olduğu iddiasını təkrarlayan Donald Tramp məğlubiyyəti qəbul etməyəcəyini bildirib.
Şimali Koreya da daxil olmaqla, bir çox sahədə uğurlu xarici siyasət yürütdüyünü qeyd edən Tramp əlavə edib: “Co Baydenin Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibət qura biləcəyini düşünmürəm”.