“ABŞ-da baş verənlər göstərir ki, bir adam 10 illərlə, 100 illərlə oturuşmuş demokratik sistemi çalxalaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.
Ekspert ABŞ-da Prezident Trampın əleyhdarlarının iştirakı ilə baş verən nümayişlərə diqqət çəkib:
“ABŞ-da baş verən hadisələrin əsas səbəbkarı bir adamdır - Tramp. Məhz onun hakimiyyət sevgisi, eqosu, avtoritarlığı, özbaşınalığa meylli olması və məsuliyyətsizliyi vəziyyəti bu olaylara gətirib çıxardı. İndiyə qədər Amerika tarixində olmayanları, yazılmamış qanunları, demokratik siyasi mədəniyyətə aid olan qaydaları artıq 4 ildir ki, tapdamaqda idi. Bugünkü hadisələr də bunun məntiqi nəticəsidir. Bu hadisələrin həm ABŞ-a, həm bütün dünyaya mənfi təsiri olacaq. Çünki Tramp dünya avtoritarizminə indiyə qədər heç kimin etmədiyi yardımı etdi.
Bir adam 10 illərlə, 100 illərlə oturuşmuş demokratik sistemi çalxalaya bilər. Ona görə ki, demokratiya ideal sistem deyil və daim özünü inkişaf etdirməli, zamanında da islah etməyi bacarmalıdır. Dünya demokratlarının bundan sonra düşünəcəyi və baş sındıracağı əsas məsələ məhz budur. Lakin hər bir halda Çörçilin dediyi kimi, demokratiya ən pis idarəetmə forması olsa da, insanlıq hələ də ondan daha mükəmməlini icad etməyib. Əlbəttə, Tramp üzdə olan səbəbkardır. Daha dərin sistemli səbəblər də var”.