Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ seçki sisteminin köhnəldiyini və müasir demokratik standartlara cavab vermədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Zaxarova etirazçıların Vaşinqtonda Konqresin binasına girərək Prezident Donald Trampa dəstək nümayiş etdirməsinə münasibət bildirib.
XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, Vaşinqtonda baş verən hadisələrin ABŞ-ın daxili işidir:
“Amma ABŞ-ın seçki sistemi köhnəlib, saysız-hesabsız pozuntulara imkan yaradaraq müasir demokratik standartlara cavab verə bilməyən bir hala gəlib”.
Zaxarova hesab edir ki, ABŞ mediası cəmiyyətin bölünməsinə səbəb olan siyasi mübarizənin alətinə çevrilib: “Dost Amerika xalqına tarixindəki bu dramatik anları geridə qoymağı diləyirik”.