Video əlavə olunub:
***
11:09
Pakistanın yerli “Fateh-1” çoxfunksiyalı raket buraxılış sistemini uğurla sınaqdan keçirdiyi bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Döyüş başlıqlarını 140 kilometr məsafəyə qədər ata bilən yüksək dəqiqlikli silah sisteminin Pakistan ordusuna düşmən bölgələrinə nəzarətdə geniş imkanlar yaradacağı deyilib.
Açıqlamada Prezident Arif Əlvi və Baş nazir İmran Xanın çoxfunksiyalı “Fateh-1” raket buraxılış sisteminin müvəffəqiyyətli sınaqları üçün hərbi komandanlığı təbrik etdiyi bildirilib.
Pakistan ordusu keçən ilin yanvar ayında Hindistanın “K-4” ballistik raket sınağından bir neçə gün sonra 290 kilometr mənzilli “Qəznəvi” ballistik raketini uğurla sınaqdan keçirdiyini elan etmişdi. Habelə fevral ayında “Raad II” qanadlı raketini uğurla sınaqdan keçirdiyini açıqlamışdı.
Hindistan 5 avqust 2019-cu il tarixində Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra iki nüvə gücü arasında gərginlik artıb.
Gərginlik hər iki ölkənin silah rəqabətini sürətləndirib.