Yüzlərlə insan Brüsselin şimalında qatar stansiyası ətrafındakı polis bölməsinin yaxınlığında toplaşaraq 23 yaşlı afrikalı İbrahimə Barri adlı şəxsin şənbə günü gecə həbsdə ölməsinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, nümayişçilər “Qara həyat vacibdir”, “İbrahiməyə ədalət” və “Qatil polis” kimi şüarlar səsləndirərək polis idarəsini daşlayıblar.
Polis namayişə su şırnaqları ilə müdaxilə etdikdən sonra etirazçılar yan küçələrə dağılışıblar. Nümayişçilərdən bəziləri yaxınlıqdakı başqa bir polis bölməsinin girişini, bir nəqliyyat vasitəsini və bəzi zibil qutularını yandırıb. Bir çox polis maşınının şüşələri qırılıb, bölgədəki terminal və dükanlara zərər veriblər.
Bu vaxt təsadüfən etirazların davam etdiyi ərazidən keçən Belçika Kralı Filipin avtomobili də daşa basılıb. Kral Filipi aparan avtomobil sürətlə hadisə yerindən uzaqlaşıb. Həmin vaxt kralın avtomobildə olub-olmadığı bilinmir.
Bəzi etirazçılar polisin müdaxiləsi zamanı yaralanıb. Yaralılar təcili yardımla xəstəxanaya aparılıb, bir çox nümayişçi nəzarətə alınıb.
Polis İbrahimə Barrini şənbə gecəsi Brüsselin şimalındakı qatar stansiyası yaxınlığında koronavirusla mübarizə üçün görülən tədbirlərə əməl etmədiyi üçün tutmaq istəyib. Barrinin cib telefonu ilə polisi videoya çəkdiyi və daha sonra qaçaraq oradan uzaqlaşdığı bildirilib.
Tutularaq polis bölməsinə aparılan Barrinin bir saat sonra huşunu itirdiyi və aparıldığı xəstəxanada öldüyü açıqlanıb. Prokurorluq gəncin ölümü ilə bağlı cinayət işi açıb.