Suriya, Liviya və dünyanın bir sıra regionlarında hərbi həmlələrə imza atan Rusiya bu dəfə üsyançılara qarşı havadan dəstək vermək məqsədilə Mərkəzi Afrika Respublikasının (MAR) legitim hökuməti ilə müzakirələr aparır.
Teleqraf.com xəbər verir ki, MAR-da artan təhlükəsizlik problemlərinə qarşı havadan legitim hökumətə dəstək vermək niyyətində olan Rusiya bu istiqamətdə hərbi-diplomatik müzakirələrə başlayıb.
Xarici media qeyd edir ki, bu məqsədlə Rusiya və MAR rəsmiləri danışıqlar aparıb. Qəribədir ki, MAR rəsmiləri bu barədə hələlik açıqlama vermir.
Qeyd edək ki, MAR ərazisinin 80 faizə qədəri “Dəyişmək Naminə Vətənsevərlər” koalisiyası adı altında toplaşan üsyançı qrupların nəzarətindədir. Onlar bir müddət əvvəl paytaxt Bangini ələ keçirmək üçün hücum təşkil etmişdilər.
Ötən ay MAR Xarici işlər naziri S. Temon ölkədə keçirilən seçkilərin təhlükəsizliyini nəzarətdə saxlamaq məqsədilə Rusiya və Ruandadan dəstək tələbi edib. Hər iki dövlət bu dəstəyi göstərib.
Rusiya tərəfi BMT çərçivəsində MAR-da 14 rus zabitinin olduğunu qeyd etməklə yanaşı bildirir ki, bu ölkənin tələbi ilə ordunu qurmaq və inkişaf etdirmək məqsədilə çoxlu sayda rus hərbi personalı Banqiyə göndərilib.