Osmanlı Xanədanının ən böyük şahzadəsi Dündar Əbdülkərim Osmanoğlu vəfat edib.
Teleqraf.com xəbər verir ki, şahzadənin vəfatı xəbərini qardaşı oğlu Şahzadə Əbdülhəmid Kayıhan Osmanoğlu təsdiq edib.
“Əmim Dündar əfəndinin ciddi sağlamlıq problemləri vardı, özü də illərdir müharibənin getdiyi Suriya paytaxtı Dəməşqdə yaşayırdı. Türkiyəyə gətirmək üçün ciddi cəhdlər göstərdik, lakin buna nail ola bilmədik. Bu səbəbdən də çox üzgünəm. Millətimizin başı sağ olsun”,- Şahzadə Əbdülhəmid Kayıhan Osmanoğlu əmisi haqda danışarkən deyib.
Qeyd edək ki, Osmanlı xanədanının ən böyük şahzadəsi olan Dündar Əbdülkərim Osmanoğlunun nə zaman dəfn ediləcəyi sonra elan olunacaq.
Məlumat üçün bildirək ki, Dündar Əbdülkərim Osmanoğlu Osmanlı xanədanın həyatda olan 25 şahzadəsi arasında yaşca ən böyüyüdür. Bu səbəbdən də xanədanın rəisi sayılırdı.
Şahzadə 1930-cu ilin 20 dekabrında Dəməşqdə doğulmuşdu. Sultan II Əbdülhəmid Xanın ən böyük oğlu Məhməd Səlim Əfəndinin yeganə oğlu Məhməd Əbdülkərim əfəndi xanədanın xarici mühacirətindən sonra Beyrutda doğulub. Şahzadə Əbdülkərim daha sonra Dəməşqə köçüb və 1935-ci ildə vəfat edib. Onun həyatda iki oğlu və xanımı qalıb. Oğulları Dündar və Harundur. Sürgün illərində Dəməşqdə olan Şahzadə Harun 1947-ci ildə Türkiyəyə qayıdaraq İstanbulda yerləşib.
Şahzadə Əbdülkərim Dündar Osmanoğlu isə Dəməşqdə qalmaq qərarını verib. Xanədanın rəisi sayılan Osman Bəyazidin 2017-ci ilin yanvarın 6-da ABŞ-da vəfat etməsinin ardınca Şahzadə Əbdülkərim Dündar Osmanoğlu xanədanın rəisi statusunu əldə etmişdi.