ABŞ hökuməti Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almağa hazırlaşan Hindistanı sanksiyalarla hədələyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Donald Tramp administrasiyasının Hindistana 5.4 milyard dollarlıq müqaviləni ləğv etməsini tövsiyə etdiyini bildirən mənbə Ağ Evin bu münasibətinin gələn həftə rəsmi olaraq vəzifəsinə başlayacaq yeni Prezident Co Bayden dövründə dəyişmə ehtimalı olmadığını vurğulayıb.
Tramp administrasiyası isə rəsmi Dehlini Rusiya ilə imzaladığı 5.4 milyard dollarlıq anlaşmadan imtina etməyə çağırıb.
Hindistan Xarici İşlər Nazirliyi isə verdiyi açıqlamada geri addım atmayacaqlarını bildirib.
Rusiya və Hindistan 2018-ci ildə 5 “S-400” batareyasının tədarükünü nəzərdə tutan 5.4 milyard dollarlıq bir müqavilə imzalayıb. Bu, Rusiyanın “Rosoboroneksport” şirkətinin tarixində imzaladığı ən böyük razılaşmadır. Müqaviləyə əsasən, tədarükün 2021-ci ilin sonlarına doğru başlaması və 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır.