İon dənizində ərazi sularını 6 mildən 12 milə qədər genişləndirən Yunanıstan bu planı Egey dənizində də tətbiq edəcəyinin siqnalını verib.
Teleqraf.com-un məlumatına görə, Baş nazir Kiryakos Miçotakis bildirib ki, qərb ərazi sularını genişləndirmək Yunanıstanın haqqıdır və bu, şərq sərhədləri üçün də bir mesajdır.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi Yunanıstanın Egey dənizində ərazi sularını genişləndirməsinin “müharibə səbəbi” olacağına dair mövqeyini 1995-ci ildə səs çoxluğu ilə qəbul edib.
Yunanıstanın Xarici işlər naziri Nikos Dendias ötən gün parlamentdə baş nazirin fikirlərinə oxşar fikirlər səsləndirib. Xarici işlər naziri ölkəsinin Krit adasının şərqində ərazi sularını genişləndirməyi planlaşdırdığını bildirib.
Baş nazir Miçotakisin aylar əvvəl Kritdə ərazi sularını genişləndirməsi mövzusunda danışdığını xatırladan Dendias bəyan edib ki, bu niyyət Kritin şərq hissəni də əhatə edir: “Kritin şərqindəki ərazi sularımızı genişləndirməyi planlaşdırırıq”.