21 Yanvar 2021 18:16
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Simpsonlar” cizgi filmi davamlı təxminləri və proqnozları ilə dünyanı sarsıtmağa davam edir. 1989-cu ildən bəri yayımlanan və 2007-ci ildə bədii film janrında çəkilən “Simpsonlar” dünyanı cənginə alan koronavirus pandemiyası və Beyrutdakı partlayış da daxil olmaqla bir sıra qorxunc hadisələrin proqnozlarını vermişdi.

Teleqraf.com xəbər verir ki, cizgi filminin pərəstişkarları bu dəfə ABŞ-da cərəyan edən hadisələrin “Simpsonlar”da əks olunduğunu iddia edir.

Yanvarın 6-da ABŞ Konqresinin binasına basqın təşkil edən Ceyk Anceli adlı şəxsin "Simpsonlar" serialında oxşar obrazla təsvir edilməsi böyük səs-küy doğurub.

Tvitter istifadəçiləri andiçmə mərasimində vitse-prezident Kamala Harrisin geyindiyi paltarla “Simpsonlar”da Lisa Simpson obrazının "Gələcəyə səyahət” bölümündəki libası arasında oxşarlığa diqqət çəkiblər.

Cizgi serialının ilk dəfə 19 mart 2000-ci ildə ABŞ-da yayımlanan “Gələcəyə səyahət” bölümündə Lisa Simpson ABŞ-ın prezidenti kimi təsvir edilib.

Həmin bölümdə Lisa boynuna ağ mirvarilərdən boyunbağı və bənövşəyi geyim geyinmişdi. Kamala Harris də dünən kürsüdə eyni kombinlə vitse-prezident vəzifəsində çıxış edib.


Müəllif: Aysel Azad