22 Yanvar 2021 14:52
3 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın yeni prezidenti Sadır Japarov inauqurasiya zamanı kortejdən və ziyafətdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən bildirilib.

“Xüsusi avtomobil kortejindən, ziyafətdən və böyük maliyyə xərclərinə səbəb olan digər təşkilati tədbirlərdən imtina etməyə qərar verdim. Prezident vəzifəsini icra etməyə başlamaq üçün yalnız qanunla tələb olunan məcburi prosedurları nəzərə almaq və həyata keçirmək vacibdir”, – deyə prezidentin mətbuat xidməti Sadır Japarovun açıqlamasından sitat gətirib.

Yeni seçilmiş liderin fikrincə, dövlət bütün diqqətini xalqın dəstəklənməsinə və onun ehtiyaclarının qarşılanması üçün dövlət vəsaitlərinin istifadəsinə yönəltməlidir.

Qırğızıstanda növbədənkənar prezident seçkiləri yanvarın 10-da keçirilib. MSK-nın yekun məlumatına görə, Sadır Japarov 79,2% səs toplayaraq birinci turda qalib gəlib. Yeni liderin andiçmə mərasimi yanvarın 28-də respublikanın dövlət filarmoniyasında baş tutacaq.


Müəllif: Səxavət