Tvitter sosial şəbəkəsi İranın dini lideri Əli Xameneyinin ingilisdilli hesabını bağlayıb.
Teleqraf.com xəbər verir ki, hesabın bağlanılmasına səbəb kimi, Xameneyinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı terror aktına çağırış etməsi göstərilib.
Yanvarın 21-də İranın dini liderinin sözügedən hesabında Trampın qolf oynayarkən üzərində dron kölgəsinin əks edildiyi bir foto paylaşılıb.
İddiaya görə, Trampın başı üzərində uçan dron tərəfindən hədəfə alındığına eyham vurulur.
Paylaşımda “Qüds” briqadasının qətlə yetirilmiş komandanı Qasım Süleymaninin öldürülməsinə toxunularaq, Xameneyinin “İntiqam qaçılmazdır” adlı tviti dərc olunub:
“İntiqam qəti və qaçılmazdır. Süleymaninin qatili və onun qətlinə fərman verən şəxsdən qisas alınmalıdır. Baxmayaraq ki, Süleymaninin ayağına geydiyi ayaqqabısı da onun qatilinin başından daha şərəflidir, lakin hər halda bir səhv ediblər və bu əmələ görə qisas alınmalıdır. Həm qətlin fərmanını verən şəxs, həm də qatil bilməlidir ki, onlardan istənilən zamanda qisas alınacaq”.
Tvitinin yayımlanmasından sonra Twitter İran dini liderinin ingilisdilli hesabını müvəqqəti olaraq bağlamaq qərarına gəlib.