Türkiyə və Yunanıstan xarici işlər nazirlikləri arasındakı araşdırıcı danışıqlar beş illik fasilədən sonra yanvarın 25-də İstanbulda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, görüşdə Egey dənizi ilə bağlı tərəflər arasındakı problemlər müzakirə olunacaq.
Görüşdən əvvəl açıqlama verən Yunanıstan Baş naziri Kyriakos Miçotakis İstanbula xoş niyyətlə gedəcəklərini bildirib.
Yunanıstan və Türkiyə arasında ilk araşdırıcı görüş 2002-ci ildə Ankarada iki ölkənin xarici işlər nazirlərinin köməkçiləri səviyyəsində baş tutub. Tərəflər arasında 2016-cı ilə qədər 60 görüş keçirilib. Sonuncu görüş olan 60-cı tur 2016-cı ilin martında Afinada təşkil edilib.
Bu tarixdən sonra o zamankı Yunanıstan Baş naziri Aleksis Çiprasın istəksiz münasibəti səbəbindən dayandırılan danışıqlar siyasi müşavirə formasında davam etsə də, araşdırıcı çərçivəsinə qayıda bilməyib.
Avropa Birliyi və bu ittifaqa üzv dövlətlərdən beş illik fasilədən sonra sabah bərpa olunacaq görüşlərə dəstək açıqlamaları verilib.