İran tərəfindən dəstəklənən Həşd əş-Şaabi silahlı qruplaşmasının İraqda Sincar bölgəsindəki yüzlərlə PKK terrorçusuna maaş verdiyi iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Partizan Qüvvələri Komandanlığından verilən açıqlamada 400 PKK üzvünün Həşd əş-Şaabiyə qoşulduğu deyilib.
Həşd əş-Şaabinin Sincardakı hər PKK üzvü üçün ayda 1 milyon dinar (690 dollar) ödədiyi bildirilib. PKK-nın adambaşına göndərilən 1 milyon dinarın 400 min dinarını üzvlərinə verdiyi və təşkilata (PKK) 600 min dinar ayırdığı açıqlanıb.
Açıqlamada Sincarda PKK və Həşd əş-Şaabi arasında müqavilə imzalandığı, bu səbəbdən tərəflər arasında qarşıdurma ehtimalının olmadığı bildirilib.
Qeyd edək ki, ABŞ-ın təşviqi ilə İraq hökuməti və Kürd Regional Rəhbərliyi arasında PKK-nı bölgədən uzaqlaşdırmaq üçün saziş imzalanıb. Lakin bundan sonra da bölgəni tərk etməyən terror təşkilatı mövqelərini və geyim formasını dəyişərək, fəaliyyətini davam etdirir.
İraq mərkəzi hökuməti bundan əvvəl Həşd əş-Şaabinin Sincardakı PKK ünsürlərini gizlətdiyini iddia etmişdi.