Liviyada qiyamçı general Xəlifə Haftar 5+5 Hərbi Komitənin çağırışlarına məhəl qoymayaraq Vaqner muzdlu döyüşülərini nəzarət etdiyi ərazilərdə saxlamaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Liviyanın legitim hökumətinə bağlı kəşfiyyat Vaqner döyüşçülərinin ölkədə olduğunu və qiyamçı general tərəfindən döyüşlərdə iştirak etdiklərini sübut edən fotolar yayıb.
Məlum olub ki, Sirtə şəhərində məskunlaşan rus muzdlu döyüşçüləri marketlərdən birinə daxil olaraq bazarlıq edib. Onların fotosu da bu zaman çəkilib.
Qeyd edək ki, Vaqner şirkətinə bağlı olan rus muzdlu döyüşçülər adətən daxili müharibənin olduğu ölkələrə göndərilir. Hazırda belə muzdlu döyüşçülər Ukrayna, Suriya, Liviya daxil olmaqla Afrika ölkələrində mövcuddur.
BMT hesabatlarına görə, mindən çox belə muzdlu döyüşçü hazırda Liviyada qiyamçı Haftar tərəfindən vuruşur.
Məlumat üçün deyək ki, 2020-ci ilin sonlarında Cenevrədə 5+5 Birgə Hərbi Komitənin toplantısı zaman Liviya legitim hökuməti ilə Haftar qüvvələri arasında atəşkəs imzalanıb. Anlaşma çərçivəsində ölkədəki əcnəbi muzdlu döyüşçülərin 3 ay ərzində Liviyadan çıxarılması qərarlaşdırılıb.. Ancaq görünən budur ki, qiyamçı general bu razılaşmaya əməl etmir.