Bir qrup erməni Ermənistanın ABŞ-ın Qlendeyl şəhərindəki (Kaliforniya ştat) konsulluğu qarşısında etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, etirazçılar Ermənistanda son günlərdə saxlanılan bir qrup şəxsin, o cümlədən “Birləşmiş Ermənistan” partiyasının lideri, Qarabağ müharibəsinin iştirakçısı Vaan Badasyanın sərbəst buraxılmasını tələb ediblər.
Ermənilər parlamentdəki hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsun ABŞ-a səfir təyin edilməsini də qəbul etmədiklərini bildiriblər. Etirazçılar Makuntsu “agent” adlandırıblar.
“Əsas xainin (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) arvadı Anna Akopyanın Los-Ancelesə gəldiyini də öyrəndik. Mətbuatda yer alan xəbərlərə görə, doğum gününü burada qeyd edəcək. Yaxın vaxtlarda bu məsələ ilə məşğul olacağıq”, - aksiya iştirakçısı Artur Saakyan deyib.
Etirazçılar “xain” və “dəli” adlandırdıqları Paşinyanın Vaan Badasyanı ondan qisas almaq üçün həbs etdirdiyini bildiriblər.
Aksiya iştirakçıları hesab edirlər ki, Badasyan Paşinyanın müharibə xəyanətləri haqda çox məlumata malik olduğu üçün həbs edilib.
“Biz bunu qəbuledilməz hesab edirik və Badasyanın dərhal sərbəst buraxılmasını tələb edirik. Bir şey də var: Eratonun arvadı buraya gəlib. Bütün soydaşlarımızı onun yerini müəyyənləşdirməyə çağırırıq, yalnız bundan sonra əlavə tədbirlər görəcəyik”.
Qeyd edək ki, etirazçılar konsulluğun qapılarına “Yaşasın, ölən Nikol”, “Nikol, get!”, “Hərbi əsirlərə azadlıq!”, “Vətən xainləri!” sözləri yazılmış plakatlar asıblar.