Suriyada baş verən yeni gəlişmələr ABŞ-ın dəstəklədiyi PYD/YPG terror təşkilatının nəzarətindəki bölgənin gələcəyi üçün də çox vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, general-leytenant İsmayıl Haqqı Pekin deyib.
General Suriyanın Qamışlı şəhərində Suriya ordusu və PYD/YPG arasında gərginliyin davam etdiyini söyləyib.
Pekinin sözlərinə görə, bölgədəki qarşıdurmaların əsasını M4 magistral yolunun nəzarətin əldə edilməsi təşkil edir.
Pekin Suriyanın şərqindən Aralıq dənizinə qədər uzanan bu yolun Türkiyə də daxil olmaqla bütün tərəflərin nəzarət etmək istədiyi strateji mövqe olduğunu bildirib.
Suriya ordusu və PYD/YPG arasındakı qarşıdurmaların tez-tez baş verdiyini bildirən general hesab edir ki, M4 magistral yolunun nəzarətin götürülməsi bura ticarətə nəzarətin artırılması və fasiləsiz rabitənin təmin edilməsi deməkdir.
Pekin Suriya, Rusiya və İran arasında ABŞ tərəfindən dəstəklənən YPG-yə qarşı ittifaqın qurula biləcəyini, Türkiyənin də bura daxil olmasının PYD-YPG-ni bitirəcəyinə diqqət çəkib. Ancaq Pekin bu məsələ ilə bağlı tərəflər arasında müəyyən fikir ayrılıqlarının olduğunu da vurğulayıb.
Pekin 10 il ərzində Suriyanın federallaşacağını, bölgədə yeni kürd muxtariyyətinin yaranacağını iddia edib. Generala görə, Rusiya Suriyanın mərkəzi hakimiyyətinə bağlı muxtariyyətə üstünlük verir, ABŞ isə İraqın şimalındakı kimi “daha güclü muxtar bölgə”nin formalaşması üçün çalışır.