3 Fevral 2021 10:43
2 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni dünya nizamının qurulmasına ehtiyac var və bu, Qərbin son şansıdır”.

Teleqraf.com xəbər verir ki, bu fikir Almaniyanın keçmiş kansleri Gerhard Şreyder və tarix professoru Qreqor Şöllgenin yeni çap olunan “Son şans” adlı kitabında yer alıb.

Kitabda Türkiyənin dünya siyasətində əhəmiyyətli oyunçu olduğu vurğulanıb: “Qərb həmişə “soyuq müharibə” məntiqini itirmiş kimi davranır. Biz avropalıların xoşuna gəlsin, ya gəlməsin, Türkiyə Aralıq dənizinin şərqində inkaredilməz hakim gücdür”.

Kitabda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İraq, Suriya, Liviya və Azərbaycana (Dağlıq Qarabağ) yönəlik apardığı uğurlu geosiyasətə də diqqət çəkilib, vurğulanıb ki, Avropa Birliyi bu ciddi geosiyasi oyunçu ilə münasibətlərini gərginləşdirmək əvəzinə öz tərəfinə çəkməyi bacarmalıdır:

“Rəcəb Tayyib Ərdoğandan sonra hakimiyyətə gələcək yeni komandanın bu siyasəti dəyişəcəyini düşünmək dünyadan xəbərsiz olmaq deməkdir, Türkiyə əldə etdiyi gücdən imtina etməyəcək”.

Kitabda Yaxın Şərqdə baş verən gəlişmələrdən də bəhs olunub: “Suriyadakı böhran bu gün Ankara və Moskvanın razılığı olmadan həll edilə bilməz. Həm qonşu, həm də NATO müttəfiqi olan Türkiyənin Suriyadakı milyonlarla qaçqına ev sahibliyi etməsi onun açar rolu oynamasına imkan yaradır. Ukrayna problemi Putinsiz həll edilə bilmədiyi kimi, Ərdoğansız da qaçqın və miqrasiya böhranına son qoymaq çətindir”.

Kitabda ABŞ-ın keçmiş prezidenti Donald Trampın Türkiyəyə “İqtisadiyyatınızı çökdürərik” təhdidinin Əroğan tərəfindən sakit və soyuqqanlı qarşıladığı bildirilib:

“Əvvəla, Türkiyənin buna qarşı təzyiq vasitələri var. Amerika ordusu İncirlik və Kürəcik hərbi bazalarından asılıdır. İkincisi, Türkiyənin artıq əhəmiyyətli bir silah sənayesi var. Türk şirkətləri İsrail kimi çox az ölkənin sahib olduğu helikopterlər, tanklar və pilotsuz uçan aparatlar (PUA) istehsal edir və satır.

Təsirli silah sistemləri Dağlıq Qarabağ, Suriya, İraq və Liviyada uğurla istifadə olunub. Ankaranın silah sənayesi və bölgədəki bir çox ölkənin bu silahlardan asılılığı Türkiyəni Aralıq dənizinin şərqində regional güc olmaq hədəfinə sürətlə yaxınlaşır. Bu da qaçılmaz olaraq dünyanın ən qədim və ən böhranlı bölgəsi olan Yaxın Şərqə təsir edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər