“Rusiya Türkiyəni görməzdən gələ bilməzdi”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Aleksey Malaşenko Türkiyənin Ağdamda fəaliyyətə başlayan monitorinq mərkəzində iştirakı haqda danışarkən deyib.
Ekspert hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə birgə mərkəzinin yaradılması tamamilə normaldır:
“Bu, Ankaradan qaçmağın mümkün olmadığını başa düşməkdir. Rusiya bu gün Türkiyəni görməzdən gələ bilməz. İndi türklərlə mübahisəyə ehtiyac yoxdur, bu, diplomatik bir gedişdir”.
Onun sözlərinə görə, mərkəzin yaradılması yalnız siyasi bir gedişdir və əhəmiyyəti real vəziyyətin inkişafından asılı olacaq: “Nə Rusiya, nə də Türkiyə münaqişənin yenidən alovlanmasında maraqlıdır. Çünki bu vəziyyətdə hər iki ölkə uduzacaq”.