“Avropa Birliyi-Rusiya münasibətləri Aleksey Navalnının həbsindən sonra daha da pisləşib”.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.
Borrell ikitərəfli münasibətləri “narahatedici” adlandırıb.
Diplomat ötən həftə Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşü haqda da danışıb:
“Aqressiv mətbuat konfransı və səfərim zamanı 3 diplomatın AB ölkələrindən deportasiya edilməsi qərarı göstərir ki, Rusiya hakimiyyəti AB ilə daha konstruktiv bir dialoq üçün fürsətdən istifadə etmək istəmir. Bu vəziyyət gözlənilməz olmasa da, Rusiyanın strateji perspektivi baxımından təəssüf doğurur. AB olaraq bundan nəticə çıxarmalıyıq, Rusiya ilə münasibətlərimizə verəcəyimiz istiqaməti diqqətlə müəyyən etməli və birlik içində qətiyyətlə yolumuza davam etməliyik”.
Borrell Lavrovla görüşünün mərkəzində Navalnının həbsi və Rusiyada insan haqları məsələlərinin dayandığını deyib.
O, qeyd edib ki, Lavrova Navalnının qeyd-şərtsiz və dərhal azad olunmasının vacibliyini çatdırıb.
Onun sözlərinə görə, Rusiya insan haqlarının qorunması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir.
Borrell AB-nin Rusiya ilə Belarus, Ukrayna, Gürcüstan, Suriya və Liviya kimi bir çox məsələdə razılığa gələ bilmədiyini söyləyib: “Rus cəmiyyətinin inkişaf perspektivi və Rusiyanın geostrateji seçimləri ilə bağlı dərin narahatlıqla Brüsselə qayıtdım. Nazir Lavrovla görüşüm və səfər zamanı Rusiya rəsmilərinin verdiyi mesajlar, Avropa və Rusiyanın bir-birindən uzaq olduğunu təsdiqlədi.
Görünən odur ki, Rusiya getdikcə Avropa ilə əlaqələrini qoparır və demokratik dəyərlərə təhlükə kimi yanaşır. İndi yol ayrıcındayıq”.