İranın Ali Dini lideri Seyid Əli Xameneyi sanksiyaların aradan qaldırılması üçün uranın zənginləşdirilməsini dayandırmağı şərt qoyan ABŞ Prezidenti Co Baydenə cavab verərək bildirib ki, geri addım atılmayacaq.
Teleqraf.com xəbər verir ki, Xameneyi Tvitter hesabındakı payaşımında uranın zənginləşdirilməsini dayandırdıqdan sonra sanksiyaların aradan qaldırılacağı şərtini irəli sürən Baydenə cavab verib.
Ali rəhbər “şərti müəyyən etdik və geri addım atılmayacaq” yazaraq Baydenin təklifinə rədd cavabı verdiklərini ortaya qoyub.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden CBS kanalının “ABŞ İranı müzakirələr masasına qaytarmaq üçün sanksiyaları dayandıracaqmı” sualına cavabında bəyan etmişdi ki, əvvəlcə İran uranın zənginləşdirilməsini dayandırması lazımdır.
Seyid Əli Xamenei isə ölkəsinin nüvə anlaşmasından qaynaqlanan öhdəliklərinə əməl etməsi üçün öncə ABŞ-ın sanksiyalarının götürməsinin vacib olduğunu qeyd edib.
Xatırladaq ki, 2015-ci ildə ABŞ, Çin, Fransa, Almaniya, İngiltərə və İran razılaşma əldə etmişdi. Sabiq ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə bu razılaşmadan birtərəfli şəkildə çıxmış və Tehrana qarşı sanksiyalar tətbiq etmişdi.
Rəsmi Tehran 2020-ci ilin yanvarın 5-də nüvə razılaşmasındakı öhdəlikləri dayandırdı və ən yüksək formada uranın zənginləşdirməsi daxil bir sıra addımlar atdı.
ABŞ-ın yeni Prezidenti Bayden administrasiyası isə Tehranın razılaşmadakı öhdəliklərini yerinə gətirəcəyi təqdirdə nüvə razılaşmasına qayıda biləcəklərini anons edib.