Myanmada hərbi çevrilişə və hökumət üzvlərinin tutulmasına qarşı etirazların davam etdiyi vaxt təhlükəsizlik qüvvələri həbs edilən keçmiş xarici işlər naziri və ölkə lideri Aun San Suu Çinin partiyasının qərargahına basqın edib.
Teleqraf.com xəbər verir ki, hərbi və polis qüvvələrinin Milli Demokratik Birliyin Yanqon şəhərindəki mərkəzinə gecə saatlarında basqın etdiyi bildirilib.
Təhlükəsizlik qüvvələri partiya binasının ətrafında barrikadalar quraraq, etirazçıların girişinə mane olmağa çalışır.
Myanma ordusu bundan əvvəl çevriliş günü – fevralın 1-də partiyanın qərargahına və əyalət ofislərinə basqın edərək, kompüter və sənədləri ələ keçirmişdi.
Digər tərəfdən ötən gün paytaxt Nepidoda təşkil edilən etirazlarda polis tərəfindən atəşə tutulan bir nəfər ağır yaralanıb.
Məlumata görə, etiraz aksiyaları zamanı izdihamı dağıtmaq üçün təhlükəsizlik qüvvələri tərəfindən atılan güllə ilə vurulan 20 yaşlı bir tələbənin aparıldığı xəstəxanada öldüyü bildirilib.
Təhlükəsizlik qüvvələrinin su topları və plastik güllələrlə müdaxiləsi nəticəsində 6 nəfər yaralanıb.
Yanqonda hərbiçilərin etirazçılara qarşı həqiqi güllələrə müdaxilə etdikləri barədə də məlumat yayılıb.
Hərbi xuntanın bəzi şəhərlərdə hərbi vəziyyət və komendant saatı elan etməsinə baxmayaraq, çevrilişə qarşı etirazlar 5-ci gündür davam edir.
Paytaxt Nepido şəhərində bir qrup dövlət rəsmisi yeni hərbi rəhbərliyi tanımadıqlarını açıqlayıb və aksiyalara başlayıblar.
Yanqonda on minlərlə insan çevrilişə etiraz edərək, nəzarətə alınan hökumət rəhbərlərinin sərbəst buraxılmasını tələb edir.
Mandalay şəhərində də bir çox universitet tələbəsi və fəhlələr çevrilişə qarşı nümayişlərə start veriblər.
Qeyd edək ki, Myanma ordusu fevralın 1-də hakimiyyəti ələ keçirib və ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.
Prezident Vin Mint, ölkə lideri Aun San Suu Çi və hakim partiyanın digər liderləri həbs olunub.
Fevralın 6-da Myanmanın müxtəlif əyalətlərində çevrilişə qarşı kütləvi nümayişlər və vətəndaş itaətsizliyi etirazları başlayıb və tezliklə bütün ölkəyə yayılıb.
Etirazların ilk günü hərbi hökumət bəzi sosial şəbəkələri və telefonlara internet xidmətini qadağan edib.