Yaponiya Rusiya ilə Kuril adalarının mülkiyyəti məsələsinə yekun həll yolu tapmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin sözçüsü Katsunobu Kato deyib.
“Düşünürəm ki, hökumət ərazi məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq yolundakı əsas kursumuza uyğun olaraq davamlı danışıqlara yönələcək”, - Kato qeyd edib.
O, bunun Rusiya Konstitusiyasında ərazilərin özgəninkiləşdirilməsini istisna edən dəyişikliklərə baxmayaraq baş verəcəyini vurğulayıb.
Kato 2020-ci ilin sentyabrında Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Kuril adaları ilə bağlı danışıqları sürətləndirməyə hazır olduğunu təsdiqlədiyini xatırladıb.
Fevral ayının əvvəlində Yaponiya Baş naziri Yoşixide Suqa Rusiya ilə Kuril adaları ilə bağlı mübahisənin həllində irəliləyişin olacağına söz verib. Onun sözlərinə görə, yeni danışıqlarda mübahisəli ərazilərlə bağlı iki dövlət arasında əldə edilən bütün razılaşmalara əməl olunacaq. Suqa donmuş münaqişəni yerindən qaldırmaq üçün hər cür səy göstərəcəyini vurğulayıb.
İkinci Dünya müharibəsindən sonra Moskva və Tokio arasında barışıq müqaviləsi bağlanmadı. Buna əsas maneə olan Kurilin cənub hissəsi - İturup, Kunaşir, Şikotan adaları və Xabomay adaları qrupu üzərində həll edilməmiş ərazi mübahisəsi idi.
Yaponiya tərəfi Cənubi Kurili “şimal əraziləri” adlandırır və Rusiyanın yapon hökumətinin adalar üzərindəki suverenliyini tanımır. ABŞ da Tokio kimi Cənubi Kuril adalarını Yaponiyanın bir hissəsi hesab edir.