16 Fevral 2021 09:05
2 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxslər SSRİ və Rusiya diplomatiyasının ən məşhur simalarından biridir.

Georgi Məmmədov — Azərbaycan əsilli SSRİ və Rusiya diplomatı, Rusiyanın Kanadadakı keçmiş səfiri.

Georgi Məmmədov 1947-ci il sentyabrın 9-da Moskvada diplomat ailəsində anadan olub.

1970-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini bitirib, tarix elmləri namizədidir. İngilis və İsveç dillərini bilir. 1970-ci ildən SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdəki diplomatik nümayəndəliklərdə müxtəlif vəzifələrdə işləyib.

1970-1974-cü illərdə SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun aspiranturasında oxuyub. Həmin illərdə SSRİ-nin ABŞ-dakı səfirliyində təlim keçib. 1977-1981-ci illərd’ SSRİ-nin ABŞ-dakı səfirliyində attaşe, səfirliyin ikinci və üçüncü katibi vəzifələrində işləyib.

1981-1989 -ci illər SSRİ Xarici İşlər Nazirliyinin birinci və ikinci katibi, məsləhətçisi və şöbə müdirinin müavini idi. 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin ABŞ və Kanada nümayəndəliyinin rəhbəri postunu tutub.

1995-1996-cı illərdə Rusiya Müdafiə Sənayesi Dövlət Komitəsinin idarə heyətinin üzvü olub. 1993-1995 -ci illərdə Rusiya Federasiyasının xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq üzrə idarələrarası komissiyasının üzvü, 1994-1995-ci illərdə federasiyanın sərhəd maraqlarının müdafiəsi üzrə idarələrarası komissiyanın rəhbəri idi. 1997-ci ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının müdafiə təhlükəsizliyi üzrə idarələrarası komissiyasının tərkibində olub.

1991-2003-cü illərdə Rusiya xarici işlər nazirinin müavini işləyib. Bu postda olarkən ABŞ, Kanada və Latın Amerikası ölkələri ilə əlaqələrə, həmçinin silahsızlaşdırma və “G 7”nin fəaliyyətləri ilə əlaqəli məsələlərə nəzarət edib. Kimyəvi Silahsızlaşdırma üzrə Dövlət Komissiyasının üzvü olub.

2003-2014-cü illərdə Rusiyanın Kanadadakı səfiri vəzifəsini icra edib.

Qızı Tatyana Məmmədova geyim dizayneri, övladlığa götürülmüş oğlu Sergey Məmmədov “Volqaburmaş” şirkətinin sahibi, “BTM Qrup” ASC-nin idarə heyətinin sədridir.

Xidməti dövründə Rusiya prezidenti tərəfindən müxəlif orden və mükafatlara layiq görülüb.

Ənvər Məmmədov

Georgi Məmmədov sovet kəşfiyyatçısı və diplomatı Ənvər Məmmədovun oğludur.

Ənvər Məmmədov Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət televiziya və radio yayımları komitəsi sədrinin birinci müavini olub. 1923-cü il avqustun 15-də Bakıda doğulub. Atası Nazim Məmmədov 1949-cu ildə həbsxanada vəfat edib, ölümündən sonra bəraət alıb. Anası Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib.

İngilis, alman, italyan və fransız dillərini bilir.

Orta məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub. Lakin tezliklə zədə ilə əlaqədar məktəbdən xaric edilib. Bundan sonra Bakıya qayıdaraq Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. 1943-cü ildə ordudan xaric edilərək SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib. 1944-1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib.

Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub.

1950-ci ilin fevralınadək SSRİ Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib.

1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə redaksiyanın baş redakoru vəzifəsində işləyib. Həmin il XİN-ə qayıdaraq, 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və “USSR” jurnalının baş redaktoru vəzifəsində işləyib.

1959-1960-cı illərdə “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olub. 1961-ci ildə “Novosti” agentliyi rəhbərinin birinci müavini və siyasi şərhçisi təyin edilib.

1962-1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin (“Qosteleradio”) sədri Sergey Lapinin birinci müavini olub. Həmin vəzifədə işlədiyi dövrdə məşhur sovet filmlərinin, o cümlədən “Baharın on yeddi anı” və “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmlərinin qadağan olunmasına mane olub. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə “Mayak” radiosunun yaradılmasında iştirak edib. Bu radio SSRİ-də yayımlanan Qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.

1986-1992-ci illərdə “Novosti”nin siyasi şərhçisi, “RİA” radionun məsləhətçisi işləyib. Yaşının çoxluğuna baxmayaraq, hazırda da “Novosti” agentliyində baş redaktorun məsləhətçisidir.

Fəaliyyəti dövründə 7 orden və 10 medalla təltif olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər