“Hazırda Türkiyə-ABŞ arasında müşahidə olunan gərgin vəziyyət bir qədər davam edəcək. Fikrimcə, indiki məqamda ABŞ-Türkiyə siyasəti müəyyən qədər Rusiya-Türkiyə siyasətindən asılıdır. Ortada Moskva ilə Ankara arasında müəyyən yaxınlaşma var və sözsüz ki, bu da Vaşinqtonun xoşuna getmir. Bu proses də əsasən Türkiyənin Rusiyadan S-400 kompleksləri almasından sonra yaranıb”.
Bu fikirləri Teleqraf.com-a politoloq Fərhad Mehdiyev ABŞ və Türkiyə münasibətlərində son günlər yaranan gərginliyi şərh edərkən deyib.
Onun fikrincə, Türkiyənin İraq və Suriya ərazilərində həyata keçirdiyi əməliyyat və siyasət də ABŞ-ın mövqeləri ilə üst-üstə düşmür:
“Amma ehtimal belədir ki, bir müddətdən sonra Amerika başa düşəcək ki, Türkiyə ilə münasibətləri gərginləşdirmək və Ankaranı sıxışdırmaq cəhdləri Vaşinqtonun qlobal maraqlarına ziddir. Çünki ABŞ-ın belə siyasəti istər-istəməz Rusiya-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək. Halbuki Vaşinqtonun əsas məqsədi Rusiyanı izolyasiya etməkdir. Odur ki, bir məqamdan sonra ABŞ Türkiyə ilə bağlı gərginləşməni alovlandıran siyasətindən geri çəkilməli olacaq”.
Politoloq həm də diqqəti Türkiyənin yeni silah istehsalı proqramlarına çəkib:
“Bəli, Türkiyə müasir silahlar istehsal edir. Başqa sözlə, xarici silahlardan daha az asılı vəziyyətə gəlir. Söhbət Pilotsuz Uçuş Aparatlarından getmir. Digər silah növləri üzrə də Türkiyə ciddi irəliləyişlər əldə edib və bu inkişaf da dayanmayacaq. Hazırda Türkiyə təyyarə daşıyan gəmilərin istehsalına başlayıb. Fikrimcə, çox yaxın illərdə Türkiyənin ABŞ-dan silah asılılığı da aradan qalxacaq. Amerikada başa düşəcək ki, əgər onun xarici siyasətində əsas məqsəd Rusiyanı cilovlamaqdırsa, bu halda Türkiyəni Moskvanın yanına itələmək siyasəti səhvdir. Yəni bu praqmatik addımlar deyil. Düşünürəm ki, ABŞ bu istiqamətdə prosesləri sona qədər aparmayacaq, bir nöqtədə dayanmalı və Ankara ilə münasibətləri sərinləşdirməyə çalışacaq”.
Fərhad Mehdiyev ehtimal edir ki, bir müddətdən sonra Ankara ilə Vaşinqton arasında əsas sürtüşmə mövqeyi əsasən İraq və Suriya məsələsi olacaq: “Bu istiqamətdə mübahiəslərin də Türkiyənin xeyrinə həll olunacağını düşünürəm.
Şərqi Aralıq dənizi ilə bağlı da Afina ilə Ankara arasında qarşıdurma var. Ancaq bu ABŞ-Türkiyə məsələsindən daha çox Avropa-Türkiyə məsələsidir. Bu məsələdə hər iki tərəf razılaşmaya gedəcək”.