17 Fevral 2021 16:45
2 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin Baş naziri və Dubay şeyxi Rəşid əl-Məktumun qızı Şahzadə Lətifənin polis nəzarətindəki bir evdə girov olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu iddianı sübut edən görüntülər Lətifənin yaxın dostları tərəfindən dünya mətbuatına təqdim edilib.

Şahzadə Lətifə video-mesajında ​​bir villada girov götürüldüyünü, bütün qapı və pəncərələrin kilidli olduğunu, təmiz hava üçün belə çıxmasına icazə verilmədiyini bildirib.

Şahzadə Lətifə evin xaricində 5, evin içində isə 2 qadının nəzarətində olduğunu söyləyib.

Polisin ona ömrü boyu bu evdə həbsdə saxlanılacağını dediyini qeyd edən şeyxin qızı yalnız azad olmaq istədiyini, ancaq gün keçdikcə ümidini itirdiyini vurğulayıb:

“Bu videonu hamamda çəkə bilərəm, çünki kilidləyə biləcəyim tək qapıdır. Mən hazırda villadayam və girov saxlanılıram. Villa həbsxanaya çevrilib. Bütün pəncərələr dəmir şəbəkə ilə örtülüb, heç birini aça bilmirəm. Çöldə 5, içəridə 2 qadın polis var. Təmiz havaya belə çıxa bilmirəm. Nə vaxt burdan çıxarılacağımı, çıxarılsam belə, məni nə gözlədiyini bilmirəm. Hər gün həyat təhlükəsizliyimdən narahatam. Bu vəziyyətdən necə qurtula biləcəyimi bilmirəm. Polis məni təhdid edərək ömrüm boyu həbsdə qalacağımı və bir daha gün işığına çıxmayacağımı dedi. Hər gün ümidimi itirirəm. Bura sirk kimidir, artıq çox yorulmuşam”.

Bundan əvvəl BƏƏ hökuməti məsələ ilə əlaqədar ünvanlanan suala cavabında Şahzadə Lətifənin mövcud vəziyyəti ilə əlaqədar heç bir açıqlama verməmişdi.

Şahzadə Lətifə ilə 2018-ci ildə görüşdükdən sonra onu “problemli bir gənc qadın” kimi xarakterizə edən BMT-nin keçmiş insan haqları üzrə komissarı Meri Robinzon onun ailəsi tərəfindən dəfələrlə aldadıldığını söyləyib.

Robinzon Lətifənin hazırkı durumunu və yerini müəyyən etmək üçün beynəlxalq çağırış edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər