Pentaqonun sözçüsü John Kirby ABŞ tərəfindən dəstəklənən YPG/SDG-nin Türkiyənin PKK ilə bağlı əməliyyatlarına qarşı açıqlama verməsindən narahat olub-olmadıqlarına dair suala cavab verməkdən qaçıb.
Teleqraf.com xəbər verir ki, Pentaqon sözçüsü Kirby mətbuat konfransı təşkil edərək gündəmdə olan mövzular haqqında danışıb.
Türk müxbirin “Türkiyə Şimal İraqın dağlıq bölgələrində PKK-ya qarşı əməliyyat keçirir. Ancaq Suriyadakı SFG şəbəkəsi Türkiyənin əməliyyatlarına qarşı çıxır. Onu qınayır. ABŞ xalqının vergiləri ilə dəstəklənən bu qrupun rəsmən tanınan terror təşkilatına dəstək verən açıqlamalari sizi narahat etmirmi” sualına Pentaqon sözçüsü cavab verməkdə çətinlik çəkib.
ABŞ-ın İraq və Suriyadakı əməliyyatlarının sadəcə davam etməkdə olan İŞİD-lə mübarizədə olduğunu xatırladan sözçü əlavə edib ki, İŞİD-lə mübarizənin ən effektiv yolu yerli güclərlə işləməkdir: “Bizim də ana məqsədimiz budur”.
Anadolu Agentliyinin müxbirinin “İŞİD-lə mübarizə bu kimi açıqlamaları qanuni sayırmı” sualına Pentaqon sözçüsü “Burada ayrı-ayrı qruplara girməyəcəyəm. Suriyadakı yerli Suriya Demokratik Qüvvələri ilə işləyirik və bu dəyişməyib”, -şəklində reaksiya verib.