18 Fevral 2021 12:35
1 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusunun Qara əməliyyatından sonra bütün diqqətin cəmləşdiyi Sincarda aktivlik artıb. PKK terror təşkilatı və Haşdi Şab milisləri bölgədə güclərini artırmağa çalışarkən İraq ordusundan da bir həmlə gəlib. Türkiyə yaşanan son hadisələrdən sonra İraq Baş naziri Mustafa Kazımiyə Sincarın terrorçularından təmizlənməsi ilə bağlı qərarlı olduğunu bir daha diqqətə çatdırıb. Prezident Ərdoğanın bu qərarlılığından sonra öz müşavirləri ilə toplantı keçirən Mustafa Kazımi 8400 əsgərini Sincar bölgəsində yerləşdirmək qərarı verib.

Teleqraf.com xəbər verir ki, Bağdad hökumətinin bu qərarından sonra 8 mindən çox hərbi qulluqçusunun olduğu 15-ci korpus Sincarın şimal hissəsinə yerləşdirilib.

Türkiyə-İraq-Suriya sərhədinə yerləşdirilən 15-ci korpusun arsenalında 5 tank, zirehli avtomobillər, 15 artilleriya qurğusu mövcuddur. Bu birliyə 20-ci korpusun 400 nəfərlik xüsusi qüvvələri də dəstək verir. Mosula bağlı olan Sincar bölgəsi və ətrafında yerləşdirilən 15-ci korpusun rəhbərliyinə Türkiyənin başladacağı hərbi əməliyyat durumunda Bağdaddan gələcək əmri gözləmələri təlimatı verilib.

“Türkiyə” qəzeti İran təhlükəsizlik qüvvələrindəki qaynaqlarına istinadən məlumat verir ki, 15-ci korpusa “Haşdi Şab qüvvələrinin Sincardakı fəaliyyətini yaxından izləyin” təlimatı verilib. Qeyd olunur ki, İraq ordusundan əvvəl Haşdi Şabi qüvvələrinin 8 min əsgəri əraziyə göndərilib. Diqqətdən qaçmamalıdır ki, İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılan Haşdi Şabi qüvvələri Türkiyə əleyhinə bir sıra açıqlamalar verib və Türk ordusunun Sincar əməliyyatlarına qarşı olacağını bildirib.

Məlumat üçün bildirək ki, BMT-nin nəzarəti ilə 2020-ci ilin 9 oktyabrında Bağdatda Sincarın siyasi, hərbi və iqtisadi gələcəyinə dair razılaşma əldə edilib. Bağdad və Şimali İraq Kürd Muxtariyyəti arasında əldə olunan razılaşmaya əsasən PKK bu ərazini tərk etməli, Sincarda peşmərgə, İraq hökuməti və yerli icmaların iştirakı ilə yeni siyasi, hərbi, iqtisadi təşkilatlanmanın həyata keçirilməsi qərarı alınıb. Amma PKK bu qərarı tanımayıb və üzərindən 5 ay keçməsinə baxmayaraq razılaşma yerinə yetirilməyib.

Kürdüstan Demokrat Partiyası əldə olunan razılaşmaya baxmayaraq PKK-nın Sincardan çıxmadığını bəyan etmişdi. Şimali İraq Muxtariyyətinin Baş naziri Bərzani “PKK silahlıları yalnız bir neçə saatlıq paltar dəyişmə səhnəsi nümayiş etdirdi, Sincardan çıxmadı” bəyanatını verib.

Məlumat üçün bildirək ki, Sincar Mosul regionuna aiddir, bu qədim Türk yurdu 2900 kvadrat kilometr əraziyə sahibdir. Əsasən dağlıq ərazilərdən ibarət olan Sincarın hazırda nüfuzunun 90 faizə qədər yezidilərdir. İŞİD-n 2014-cü ildə ələ keçirdiyi bu ərazi 2015-ci ildə İraq ordusu, peşmərgə, ABŞ və PKK ittifaqı əsasənda geri alınaraq PKK-ya təslim edilib. Bu ərazidə PKK qətliamlar həyata keçirib.

Sincar xəttində yerləşən və Suriya ilə Qəndil əlaqəsinin qurulduğu Yarubiye sərhəd keçid məntəqəsi Sincara xüsusi əhəmiyyət qazandırır. Bu dəhlizə nəzarət edən PKK silah, insan alveri, narkotik və ticarətlə milyonlarla dollar qazanır. Faktiki olaraq hazırda Sincar PKK üçün Qəndildən əhəmiyyətli hesab olunur. Qeyri-rəsmi məlumatlara görə, bu ərazilərdə PKK-nın təlim düşərgələri də fəaliyyət göstərir, gənclərin beyni “yuyulur”, terrorçu hazırlanır.

Hələ ötən ilin yayında Türkiyənin təhlükəsizliklik üzrə mütəxəssisləri Sincarda hərbi əməliyyatların keçirilməsinin vacibliyini qeyd edirdilər.


Müəllif: Nemət

Oxşar xəbərlər