19 Fevral 2021 09:05
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün gənc Hesiod qoyunları güdərkən, ədəbiyyat və sənət tanrıçaları olan muzalar ona baş çəkdilər. Pərilər bir duman içində peyda olmuşdular, ona şair əsası və şair səsi verdilər. Hesioddan bu hədiyyələrdən tanrıların adını yaymaq üçün istifadə etməsini istədilər. Hesiod pərilərin dediklərini etdi. Bu müəmmalı gəlişin nəticəsi olaraq, bir çox az bilinən şeirlərlə yanaşı, məşhur “Teoqoniya” və “Zəhmətlər və günlər” adlı əsərlərini də yazdı.

Muzalar Zevs və Mnemosinanın doqquz qızıdır. Sənət ilahələri olan muzalar sənətkarlara ilham və bilgi verirlər. Onlar Kalliopa (epik poeziya), Klio (tarix), Erato (lirik poeziya), Evterpa (musiqi), Melpomena (faciə), Poligimniya (xor poeziyası), Terpsixora (rəqs), Taliya (komediya) və Uraniyadır (astronomiya).

Hesiod “Teoqoniya”da tanrıların tarixindən yazaraq, muzaların əmrlərini yerinə yetirdi. Bu şeir yaradılışdan başlayaraq, tanrılar və tanrıçalar haqda miflərin təməlini təşkil etdi.

Olimpin tanrıçaları

Helikonun yamaclarında qoyun güdərkən muzaların ona şairlik hədiyyə etməsi haqda Hesiod “Teoqoniya”da belə yazır:

Əvvəlcə bu sözləri dedilər mənə

Qalxanlı Zevsin qızları – Olimpin tanrıçaları:

“Siz, ey torpaqda yatıb-duran çobanlar,

Dünyanın rüsvayçılığı olan zavallı varlıqlar,

Sizlər sadəcə həmişə aldanmağı,

Biz isə bilirik, həqiqətə oxşar yalan danışmağı.

Amma istəsək, dilə gətiririk həqiqətləri də”.

Belə buyurdular Böyük Zevsin qızları,

Qoparıb çiçək açan dəfnədən

Gözəl bir budaq verdilər mənə əsa deyə.

Sonra üfürdülər ilahi səslərini içimə.

Olacaqları və olmuşları izzətləndirmək,

Ölməz xoşbəxtlər nəslini şərəfləndirmək,

Hələ də özlərini öymək üçün

Hər danışdığım dastanın əvvəl və sonunda.

Yoxsul cütçü

Hesiod bir yoxsul əkinçinin oğlu idi. Homerdən sonra Antik Yunanıstanın ən böyük şairi hesab olunur. Tanrı nəsillərini sadalayan, tanrılar arasında nüfuz və şərəf pillələrini müəyyən edən və tanrıların şəxsiyyətlərini göstərən o idi. Hesiod böyük ehtimalla Homerdən sonra yaşayıb. Adətən qəhrəmanlıq hekayələrindən və mühüm hadisələrdən bəhs edən Homerin epik şeirlərindən fərqli olaraq, Hesiodun didaktik poeziyasında izah olunan hekayənin məqsədi əxlaq dərsi verməkdir.

Homerdən fərqli olaraq, Hesiod haqda dəqiq məlumat vermək çətindir, lakin tədqiqatçılar onun həyatı ilə bağlı bir çox şeyi üzə çıxara bilib. Bu məlumatların çoxu birbaşa onun əsərlərindən əldə edilib. Ən yaxşı təxminlərdən biri, onun e.ə. 700-cü illərdə Yunanıstanın mərkəzindəki Asqra kəndində yaşaması ilə əlaqədardır. Şeirlərinə görə, gəncliyində qoyun sürüləri otarıb və atasının ölümündən sonra əkinçiliklə məşğul olub. Hesiod yoxsulluğuna baxmayaraq, tipik bir kəndli olmamışdı. Bununla belə, çətin həyat yaşayan bir cütçünün baxışları əsərlərində açıqca görünür.

Helikonun yamacında

Eolidanın Kima şəhərindən Asqraya köçmüşdü. Hesiod nəsillərinin bura köçməyə məcbur qalmasını “məhv” adlandırır.

“Zəhmətlər və günlər” adlı əsərində köç hadisəsini belə təsvir edir:

Atamız kimi et sən də, böyük axmaq Pers,

O da nə vaxtsa daha yaxşı yaşamaq ümidiylə

Keçdi sonsuz dənizləri,

Qoydu arxada Kima şəhərini,

Gəldi bura gəmiylə.

Bolluqdan, sərvətdən, rahatlıqdan deyil,

Qaçırdı miskin yoxsulluqdan.

Zevsin insanlara rəva gördüyü yoxluqdan.

Gəlib Helikonun yamacında,

Bu lənətli Asqrada

Məskən saldı qışı sərt, yayı dözülməz məkanda.

Hesiod əsərində atasının Kimadan Beotiyaya köçdüyünü yazır. Kima Egey dənizinin sahillərində yerləşən bir şəhər idi. Şəhər illər keçdikcə kiçik bir kəndə çevrildi.

Hesiod mövcud əfsanələrə əsaslanaraq bir çox mif yazıb. İnsanlara çətin anlarında xoşbəxt yaşamağı öyrətmək üçün yaradılış mifini düzəltdi. Əlbəttə, Hesiod “yunan didaktik şeirinin atası” kimi tanınır, araşdırmaçılara görə, yaradıcılığı e.ə. 750-650-ci illərə təsadüf edən şair “Zəhmətlər və günlər” əsərində verdiyi məlumatlar səbəbindən bir çox alim tərəfindən ilk iqtisadçı və iqtisadiyyat tarixçisi kimi qəbul edilir.

“Zəhmətlər və günlər”

Hesioda xas üslubda yazılmış şeir olan “Zəhmətlər və günlər” əkinçilərin həyatlarını təsvir edir. Konkret bir qəhrəmanın yer almadığı əsərdə insanların beş dövründən bəhs olunur və bəzi tövsiyələr verilir.

Təxminən 800 sətirdən ibarət olan “Zəhmətlər və günlər” Hesiod və qardaşı Pers arasında vəfat etmiş atalarının mülkləri ilə bağlı mübahisədən bəhs edir. Əsər iki qardaşın müzakirələrində danışılan əfsanə və miflərlə doludur. Şeirdə zəhmətin bütün insanların taleyində olduğunu, ancaq yalnız bu taleyi qəbul edərək çox işləyənlərin uğur qazana biləcəyini bildirir. Şeirdə bəhs olunan hekayələrdə tənbəllik, haqsızlıq, vicdansızlıq və sələmçilik əvəzinə dürüst əməyin dəyəri vurğulanır. Hesiod hətta bütün yaxşı şeylərin mənbəyinin əmək olduğunu, tanrıların və insanların tənbəlliyə eyni dərəcədə nifrət etdiklərini söyləyir.

Bu gün Yunanıstanın təsərrüfatında məlum olanların çoxu Hesiodun bu əsərinə əsaslanır. Tarixçilər dənizçilik, ticarət və ya ev işləri kimi mövzular haqda da məlumat verən bu kitab sayəsində antik dövrün həyatını öyrənirlər.

“Tanrıların doğuluşu”

Hesiod üslub baxımından “Zəhmətlər və günlər”ə yaxın olan “Teoqoniya”da yunanların inanclarını bir növ standartlaşdırır. Mövzusu kainatın, dünyanın və ümumiyyətlə tanrıların mənşəyi və varlığı olan əsər qədim yunanların tanrıları haqda bir çox məlumat verir və bu gün də bir istinad mənbəyir.

Orxomenus sümükləri

Hesiodun ölümü barədə məlumat dəqiq deyil. Bir rəvayətə görə, Hesiod səyahətləri zamanı qaldığı bir ailənin oğulları tərəfindən öldürülüb və Lokrisdə dəfn edilib. Başqa bir rəvayətdə sümüklərinin Orxomenusa aparıldığı və oradakı bazarda şərəfinə heykəl düzəldildiyi iddia olunur.

Homer kimi Hesiod da bu gün də tədqiq edilən və oxunan şairdir. Tədqiqatçılar Homer kimi, Hesiodun da əsərlərini təkbaşına yazıb-yazmadığını hələ də müzakirə edirlər. Bununla yanaşı, Hesiodun real bir şəxsiyyət olduğu, “Teoqoniya” və “Zəhmətlər və günlər” adlı əsərləri yazdığı təsdiqlənib. Amma bu əsərlərin yalnız müəyyən hissələrinin sonradan digər müəlliflər tərəfindən yazıldığına dair şübhələr var.

Hesiod dövrünün adamları

Hesioda görə, insanlar texnoloji yeniliklər etdikcə, dəyərləri çürüyür. Tarixi hər biri əvvəlkindən daha çətin olan beş mərhələyə bölmüşdü: Qızıl, Gümüş, Bürünc, Qəhrəmanlıq və Dəmir dövrü…

Son dərəcə sadə bir həyat yaşayan ilk ölümlülərin qızıl nəsli olan, Zevsin yaratdığı bütün nəsillərin ən şərəflisi və ən xoşbəxti idi. Onlar sakit həyat tərzi sürən cütçü icması idi. Onları və torpaqlarını bərəkətli edən Böyük İlahəyə və ya Tanrıça Anaya (Ana Torpaq) ibadət etdilər. Bu nəsil Mikenalılar ölkəni işğal etdikləri vaxt, təxminən e.ə. 2600-2000-ci illərdən öncə Yunanıstanda yaşayan insanlara uyğun gəlir.

Ölümlü bürünc nəsli Mikena dövründə yaşayıb. Homerin “İlliada”sının məkanı olan Troya müharibəsi də daxil olmaqla bir çox savaş bu əsrdə baş verib. Mikenalılar Yunanıstanı işğal etdikləri vaxt qarşılaşdıqları xalqlardan daha aqressiv və daha ehtiraslı idilər. Zevsə ibadət edirdilər və cəmiyyətlərində kişilər qadınlardan daha vacib və güclüydü.

Hesiodun “Zəhmətlər və günlər”də “bizim nəsil” adlandırdığı Dəmir nəsli onun və ondan sonrakı dövrdə yaşamış insanları xarakterizə edir.

Qızıl nəsil

Taxıl verən dünyada yaşayan ölümlü insanların ilk nəsli “Qızıl nəsil” adlanırdı. Bu ölümlü insanların ürəkləri və əməlləri saf idi. Həm özləri kimi insanlara, həm də ölməz tanrılara hörmət etdilər. Bununla yanaşı, ölməzlər də onları sevirdilər. Çünki bir-birinə qarşı dürüst idilər. Nə yazılı qanunlara, nə məhkəmələrə, nə də cəzalara ehtiyac duydular. Azad, qorxusuz, sülh və əmin-amanlıq həyatı yaşayırdılar. Qorxu, kədər və zəhmətin həyatlarında yeri olmadığından ötən illər onları dəyişmədi, güclərini azaltmadı. Yaşlılıq hörmət və minnətdarlıq gördü.

İqlim Qızıl nəsilə istilik, gözəllik və sonsuz bir bahar bəxş edərək, onunla mehriban davrandı. İnsanlar sığınacaq və ya bürünmək üçün işləmək məcburiyyətində deyildilər. Çaylarından meyvə şirəsi və süd axırdı. Meşədəki ağacların yarpaqlarından bal damlayırdı. Ətraflarında bol yetişən taxıl və meyvələri toplayaraq ziyafətlər təşkil etdilər. Yaş və yaşıl çəmənliklərdə inək və qoyunlarını qorxusuz güddülər. Günəşin işıq və isti nəfəsi ilə açan çiçəklərin, gecə göy üzündə parlayan ulduzlardan zövq aldılar. Bunun üçün onların istəkləri və bol zamanları vardı.

Qızıl nəslin sahib olduğundan daha çox şey əldə etmək istəyi yox idi. Nə acgöz, nə də aqressivdi. Bu ölümlü insanlar öz ölkələrinin hüdudlarından kənarda nələrin baş verdiyini öyrənmək üçün gəmilər hazırlamadılar. Başqa insanları hədələmədilər. Öz növbəsində heç kim onları da qorxutmadı. Şəhərlərinin ətrafında müdafiə istehkamları tikməyə ehtiyac duymadılar. Onların silahlara ehtiyacları yox idi. Heç onların orduları da yoxuydu. Onları müharibəyə çağıran təbil səsini heç vaxt eşitmədilər.

Yaşadıqları kimi, sakitlik içində öldülər. Ölüm onlar üçün şirin bir yuxu kimi görünürdü. Bədənləri torpağa qarışdıqdan sonra ruhları buludların içində gizlənərək ölkənin üzərində gəzdilər. Canlıları təhlükələrdən qorudular. Onlara dürüst bir həyat yaşamağı öyrətdilər.

Gümüş nəsil

Birinci nəsil öldükdə, Zevs ölümlülərin ikinci nəslini yaratdı. Onlar Gümüş nəsliydi. Qızıl nəsildən daha az fəzilətli idilər. Bədənləri zamanla yetişsə də, Gümüş nəsil ruhən uşaq olaraq qaldı. Bir əsr boyunca hər uşaq evdə anası ilə birlikdə başqalarının dostluğundan və öyrəndiklərindən uzaqda qaldı. Bu müddət ərzində bu ölümlü insanlar həyatlarını yalnız uşaq zövqləri axtarmağa həsr etdilər. Nəticədə Gümüş nəsildən olanların həyatı qısa, özləri bədbəxt idi. Heç vaxt bir-birinə nəzakətli və dözümlü olmadılar. Onların eqoist davranışları ədalətsizliyə, müharibəyə səbəb oldu. Ölməz tanrılara hörmət etmədilər, onları razı salmaq üçün heç bir səy göstərmədilər.

Gümüş nəsil nə tanrılara, nə də insanlara hörmət etdi və Zevs buna görə onlara qəzəbləndi. Tanrıların və ölümlü insanların atası iqlimi əbədi bahardan qışın dondurucu soyuğu və yayın yandırıcı istiliyi arasında dəyişən dörd fəsilə çevirdi. Qaya və meşələrin kölgələri onları qoruya bilmədiyi üçün öz evlərini tikdilər.

Qida artıq o qədər də bol deyildi. İnsanlar öküzlərlə tarlalarını şumladılar. Əkin mövsümündə hər gün zəhmət çəkərək əvvəlcə darı toxumları səpdilər, daha sonra yetişmiş sünbülləri yığdılar. Zevs onların dünyadakı həyatlarını erkən bitirdi. Bədənləri torpağa qarışdıqca ruhları yerin altına endilər.

Bürünc nəsil

Tanrıların və ölümlülərin atası Zevs bundan sonra silahları və alətləri bürünc olduğu üçün Bürünc nəsil kimi tanınan üçüncü irqini yaratdı. Bu ölümlü insanlar Gümüş nəslindən daha mənfur və daha qəddar idi. Tanrılar arasında ən çox müharibə tanrısı olan Aresi sevirdilər. Qılıncla yaşayırdılar. Qəddar qüvvələri onları daha da gücləndirdi. Ürəkləri ən sərt qaya qədər cavabsız idi.

Güclərinə baxmayaraq, Bürünc nəslin insanları gənc öldülər. Sonsuz şiddət və müharibə üzündən qara ölümü öz üzərlərinə çəkdilər. Bədənləri torpağa qarışdıqca kölgələri qaranlığa, tutqun yeraltı dünyaya endi. Arxalarında yaxşı xatırlanmağa dəyər bir şey qoymadılar.

Qəhrəmanlar nəsli

Zevs bundan sonra Qəhrəmanlar nəsli adıyla tanınan dördüncü ölümlü nəsli yaratdı. Bu insanlar Gümüş və ya Bürünc nəslinin üzvlərindən daha nəcib, daha fəzilətli idilər. Troya və digər müharibələrdə öldülər. Bununla birlikdə, Zevs sağ qalanları dünyanın kənarındakı müqəddəs adalarda yerləşdirdi. Qəhrəmanlar hələ də orada, Okean sahillərində, ildə üç dəfə bal kimi şirin meyvələr topladıqları ölkədə yaşayırlar. Kədər artıq onlara toxuna bilməz, normal həyatlarında yalnız qazandıqları şərəf və şöhrət var. Bunun üçün Zevs tərəfindən Tartarosda həbsdən azad edilən Kronun hakimiyyəti altındadırlar.

Dəmir nəsil

Zevsin taxıl verən dünyada yaratdığı beşinci nəsil Dəmir nəslidir. Yəni, bizim nəslimiz… Bu erada yaşayan insanların həyatları hər gün zəhmət və kədərlə doludur. Çoxları hər gecə ölür. Bəşər tarixində dünyanın hər yerində ən pis cinayətlər törədilir. Buna baxmayaraq, heç bir insan özünü günahkar hiss etmir. Ədalət və inanc dünyanı tərk etdi, onların yerlərini xəyanət, hiyləgərlik, şiddət və tamahkarlıq aldı.

Dəmir nəsil başqalarını düşünmür, dünya nemətlərini bölüşmür. Bunun əvəzinə, yer üzünü xüsusi mülklərə bölürlər, hər kəs ən çox payı özü üçün ayırır. İnsanlar torpağın verdiyi taxıllarla daha çox sərvət əldə edə bilməyəcəklərini düşünürlər. Buna görə daha çox sərvət qazanmaq üçün gəmilər hazırlayıb, bilmədikləri yerlərə yelkən açırlar.

İnsanlar içində gizlətdiyi sərvəti tapmaq üçün taxıl verən torpağı parçalayır. Tapdıqları gizli xəzinələrdən faydalandıqları üçün daha güclü və zəngin olublar. Bu metalların dəyərləri müharibələrə səbəb olur. Sərvət axtaran əllər qana bulaşıb. İnsanlar öz səhvlərini düzəltməsələr, bu, onları məhv edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər