ABŞ dövlət katibi Antoni Blinken Tehranla nüvə razılaşması üçün müzakirələrə hazır olduqlarını elan edib.
Teleqraf.com xəbər verir ki, dövlət katibi Blinken Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) olan anlaşmaya Tehranın tam olaraq riayət etməsi halında ABŞ-ın da anlaşmaya tabe olacağını bildirib.
İran isə ilk olaraq ABŞ-ın addım atmasını istəyir.
Blinken İranla bağlı bəyanatını Parisdə bir araya gələn İngiltərə, Fransa və Almaniyanın qurduğu E3 qrupu ilə keçirdiyi video-konfrans zamanı verib.
Ortaq verilən açıqlama mətnində “Əgər İran JCPOA çərçivəsində öhdəliklərinə məsuliyyətlə bir yanaşma ortaya qoyarsa, ABŞ eynisini həyata keçirəcək və bu məqsədlə İran ilə müzakirələrə başlamağa hazırdır” ifadəsinə yer verilib.
“Röyter”ə açıqlama verən ABŞ rəsmisi orijinal razılaşmanı İran ilə müzakirə edən İngiltərə, Çin, Fransa, Almaniya və Rusiyanın iştirak edəcəyi bir görüşə hər hansı bir Avropa Birliyi ölkəsi tərəfindən dəvət ediləcəyi təqdirdə Vaşinqtonun buna isti baxacağını bildirib.
İran Xarici işlər naziri Cavad Zərif 4 ölkənin ortaq açıqlamasına reaksiya verərkən deyib ki, ilk addımın Vaşinqton tərəfindən atılması lazımdır: “Bizim tədbirlərimiz ABŞ/E3 qanun pozuntularına qarşı alındı. Bunun təsirlərindən narahatsınızsa, səbəbi ortadan qaldırın”.
Məlumat üçün deyək ki, ABŞ Tramp dövründə İrana qarşı bütün BMT sanksiyalarının təkrar başladılması üçün sentyabr ayında BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubu geri götürüb.