Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs tibb dünyasının ən məşhur simalarındandır.
Məcid Səmi 1937-ci il iyunun 19-da Tehranda azərbaycanlı ailəsində anadan olub. O, doğulduqdan sonra ailəsi Rəştə köçüb. İbtidai təhsilini Tehranda, orta təhsilini isə Rəştdə alıb.
Ali təhsil aldığı illərini Almaniyada keçirib. İndi də orada yaşayır və bu ölkənin vətəndaşıdır. Məcid Səmi Maynsdakı İohan Quttenberq Universitetinin Tibb fakültəsinin məzunudur.
İlk mikroskopik cərrahiyyə laboratoriyası
Elmi karyerasına Neyrocərrahiyyə Xəstəxanasında dosent və direktor müavini olaraq başlayıb. Bir müddət sonra uşaq neyrocərrahiyyə şöbəsinin rəhbəri olub. İohann Quttenberq Universitetində neyrocərrahiyyə üzrə magistr dərəcəsi alıb. 1976-cı ildə ilk mikroskopik cərrahiyyə kursuna başlayıb, 1977-ci ildə Almaniyada ilk mikroskopik cərrahiyyə laboratoriyasını qurub.
1977-ci ildə Hannoverdəki Neyrocərrahiyyə Xəstəxanasının direktoru olub. Həmin ildə Hollandiyanın Leyden Universitetində neyrocərrahiyyə kafedrasının rəhbəri idi. 1987-ci ildə Mayns Universiteti ona neyrocərrahiyyə kafedrasında eyni postu təklif edib. 1988-ci ildə Hannover Universitetinin neyrocərrahı olub.
Ölüm yolundan qaytarılan adamlar
Səmi 1970-ci illərin əvvəllərində kəllə bazası cərrahiyyəsinin inkişafında böyük elm adamı idi. O, intrakranial mikroskopik cərrahiyyə sahəsində aparıcı neyrocərrahlardan biridir. Eyni zamanda, kortikal cərrahiyyədə tanınmış mütəxəssisdir.
Karyerası ərzində 20 000 xəstəni uğurla əməliyyat edib. Yüzlərlə məqalə və 17 kitab yazıb. Dünya Neyrocərrahiyyə Konqreslərində qonaq məruzəçi olub. Məcid Səmi dünyanın hər yerində neyrocərrahiyyə sahəsində işləyən bir çox tələbə yetişdirib.
Kanslerin təşəkkürü
Məcid Səmi 1997-2001-ci illərdə Dünya Beyin Cərrahiyyəsi Cəmiyyətləri Federasiyasının prezidenti olub. 2001-ci ildə təşkilatın fəxri prezidenti seçilib.
1990-cı illərdə Beynəlxalq Özəl Nevrologiya İnstitutunu (INI) qurub. Mərkəzi Almaniyanın Hannover şəhərində yerləşir və başçısı Məcid Səminin oğlu Əmir Səmidir.
Qərbi Almaniya prezidenti 1988-ci ildə onu tibb elmindəki xidmətinə görə mükafatlandırıb. Elə həmin il Almaniyanın Saksoniya əyalətinin elm mükafatına layiq görülüb. Almaniyanın keçmiş kansleri Gerhard Şröder Məcid Səmini Hannoverdə yerləşən Beynəlxalq Nevrologiya İnstitutunun rəhbəri kimi sinir elmlərinə verdiyi töhfələrə görə təşəkkür edib.
“Dünyanın ən yaxşı həkimi”
Hannover Jurnalistlər Klubu Afrika layihəsinə görə 2013-cü ildə Məcid Səmiyə “Leibniz-Ring” mükafatını verib. Səmi bu layihə çərçivəsində onlarla afrikalı gəncin Almaniyada təhsil almasına yardım edib.
Ümumdünya Beyin Cərrahiyyə Cəmiyyətləri Federasiyası Məcid Səmini 2013-cü ildə “İlin Beyin Cərrahı” elan edib. 2014-cü ildə Beynəlxalq Neyrocərrahiyyə Akademiyası tərəfindən seçilən ən yaxşı alim və neyrocərrah mükafatını qazanıb. Bu mükafat hər il Beynəlxalq Neyrocərrahlar Akademiyası tərəfindən bu sahədəki bir həkimə verilir.
2007-ci ildə ölkənin tibbi inkişafına verdiyi töhfəyə görə Çin hökumətinin “Dostluq” mükafatı alıb.
2011-ci ildə Ümumdünya Neyrocərrahiyyə Cəmiyyətləri Federasiyası hər iki ildən bir görkəmli neyrocərrahlara veriləcək onun adını daşıyan fəxri medalı hazırlayıb. Bu medalın ilk mükafatçısı Fransadan professor Moris Şu olub.
2007-ci ildə “Dünyanın ən yaxşı həkimi” adına layiq görülüb. 2010-cu ildə ABŞ Neyrocərrahiyyə Cəmiyyətinin medalını alıb. 2013-cü ildə “Dünya neyrocərrahiyyə” jurnalı tərəfindən “İlin neyrocərrahı” seçilib. 2014-cü ildə “Dünyanın ən yaxşı neyrocərrahı” və “Qızıl neyron” mükafatına layiq görülüb.
2017-ci ildə Türkiyənin Üsküdar Universitetinin “Fəxri doktor”u olub.
Professor Məcid Səmi ötən illərə Güney Azərbaycana da səfər edib. Elm adamına burada Təbriz Tibb Elmləri Universiteti tərəfindən “Təbriz” nişanı verilib.