20 Fevral 2021 08:25
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı jurnalistlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə İzmirdə səfərdədir.

Teleqraf.com xəbər verir ki, jurnalistləri İzmir Mədəniyyət və Turizm Müdiri Murad Karaçanta qarşılayıb.

Əslən Azərbaycandan olan Murad Karaçanta bütün azərbaycanlıları Türkiyəyə dəvət edib.

Onun sözlərinə görə, Egeyin incisi olan İzmir pandemiya dövründə də turist qəbul edir və şəhərdə hazırda 100 min turisti qonaq edə biləcək imkana malik layihə həyata keçirilir: "Yataq sayını artırdıqdan sonra hədəfimiz ildə 4 milyon turist qəbul etməkdir. 2020-ci ildə bu rəqəmi 2 milyona çatdırılacağını düşünürdük, lakin pandemiyaya görə 80 faiz azalma müşahidə edildi".

Murad Karaçanta onu da qeyd edib ki, bununla belə İzmir dünya üzrə rəqiblərilə müqayisədə yenə də qabaqdadır.
Türkiyəyə turist axınına diqqət çəkən Murad Karaçanta vurğulayıb ki, ölkə ötən il 16 milyon turist qəbul edib: "Builki hədəf isə ölkə üzrə 30 milyondan çox turist qəbul etməkdir".
Qiymətlərə gəlincə, o vurğulayıb ki, İzmirdə istirahət dünyanın turistik məkanlarına nisbətən çox münasibdir: "Azərbaycanın da təbiəti çox gözəldir. Mən doğma Azərbaycanı çox sevirəm, uzun illər Türkiyənin Azərbaycandakı səfirliyində çalışmışam. Bütün azərbaycanlıları ölkəmizə, həmçinin əziz İzmirə dəvət edirik".

Jurnalistlər daha sonra "İzmir Asansör Qülləsi"ni ziyarət ediblər. İzmiri yüksəkdən izləmək istəyənlər üzü "Asansör"ə yol alırlar.
İlginc tarixə malik liftə minmək istəyənlər Dario Moreno küçəsindən keçir.

1921-ci ildə Aydında dünyaya gələn Moreno atasının vəfatından sonra İzmirə köçməli olur. Çətin və məşəqqətli həyat keçirən Moreno sənətçi kimi məşhurlaşandan sonra anası ilə yəhudilərin yaşadığı İzmirin Qaradaş məhəlləsində yerləşir.
Əsl adı Dario Arugute olan sənətçi həm də istedadlı aktyor olub.

Küçənin girişində Dario Morenonun İzmirə vəsiyyəti yer alıb:

İzmir, şirin və sevimli şəhərim...
Əgər bir gün səndən uzaqda ölsəm, məni bura (sənə) gətirsinlər.
Amma qoynuna qoyanda "öldü" deməsinlər. Qoynunda "yatır" desinlər, doğma İzmir...

Yəhudi Dario Morenonu anası atasının vəfatından sonra uşaq evinə təhvil verir. Gözəl səsə malik istedadlı Moreno İzmirdə getdikcə məşhurlaşan sənətçiyə çevrilir. Bir müddət sonra isə İzmirdən Parisə köçür. Lakin İzmiri heç zaman unutmayan Moreno bu şəhərə şeirlər həsr edir.

Aktyorun 1968-ci ildə Parisdə keçirilən Latın Amerika mahnıları festivalında jesti Türkiyə cəmiyyətində rəğbətlə qarşılanır. Müsabiqədə Fransanı təmsil edən sənətçi qalib elan olunarkən Fransa bayrağı dalğalananda müdaxilə edib sinəsindən Türkiyə bayrağı çıxarıb "mən tütkəm və izmirliyəm" deyib.
Dario Moreno Türkiyə Respublikasına məxsus pasportunu Avropada sənətinin zirvəsində olarkən belə dəyişdirməyib, ömrü boyu "İzmirli Dario" kimi özünü tanıdıb.

"Asansör"un tarixi də yəhudilərlə bağlıdır. Qüllə biri digərindən 58 metr yüksəklikdə olan Midhətpaşa küçəsi ilə Şəhid Nihatbəy küçəsi arasındadır.

Devidas ailəsinin evi məhəllədə ən hündürdə 155-ci mərtəbədə yerləşirmiş. Ev sahibinin ayağı büdrəyib və pilləkənlərdən yıxılıb. Qonşusu və ailəvi dost olan yəhudi iş adamı Nesim Levi (Bayraqlıoğlu) onun rahat düşüb-çıxması üçün lift tikdirmək qərarına gəlir.
1907-ci ildə inşa edilən lift aşağdakı küçədən yuxarıdakı küçəyə tez və asan çatmağı təmin edir. Lift bu məqsədlə Türkiyədə yaradılan ilk, dünyada isə azsaylı nümunələrdən hesab edilir. Giriş qapısında həm ivritcə, həm də fransızca lifti tikən Levinin adı yazılıb. Asansör 1942-ci ildə Şərif Rəmzi Reyentə satılıb.


Beləliklə "asansör" məşhurlaşır və buranı ziyarət edənlərdən yığılan pul Qaradaş yəhudi xəstəxanasına verilir. Reyentin ölümündən sonra isə bu lift bacısı qızı Ayla Ökmənə təhvil verilir. Bu müddətdə lift istifadəsiz qalır. Uzun illər sonra ailə evini satır və "Asansör" 1983-cü ildə İzmir Böyükşəhər Bələdiyyəsinin balansına keçir.
"Asansör"ü yuxarı qalxdıqca insanları Morenonun əsərləri müşayiət edir. Binanın inşasında istifadə edilən kərpiclər isə Marseldən gətirilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər