Müdafiə xərclərini ötən ilə nisbətən beş qat artıran Yunanıstan hərbi gücünü artırmaq üçün yeni addımlar atmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Afina Fransadan altısı yeni və 18-i modernizasiya edilmiş “Rafale” döyüş təyyarəsi, Almaniyadan 36 yeni sualtı gəmi və zirehli texnika, İsraildən isə “Heron” dronları satın almağı planlaşdırır.
Qəzet qeyd edib ki, Afina Türkiyənin müdafiə sənayesinin məhsullarının Liviya, Azərbaycan (Qarabağ), Suriya və Şimali İraqdakı əməliyyatlarda uğurla sınaqdan keçdikdən sonra silahlara böyük pullar xərcləməyə başlayıb. Maliyyə böhranı ölkədə ciddi iqtisadi ziyana səbəb olsa da, silahlanma xərcləri ötən ilə nisbətən beş dəfə artırılıb.
Yunanıstan bu il silahlanma proqramı çərçivəsində dörd yeni freqatın alınmasını və dörd freqatın modernləşdirilməsini planlaşdırır. Bundan əlavə, dörd MH-60R Seahawk “Romeo” tipli helikopterin alınması, 84 ədəd “F-16” qırıcı təyyarəsinin modernləşdirilməsi və 15 “C-130” və İtaliya istehsalı olan “C-28” hərbi nəqliyyat təyyarələrinin modernizasiyası üçün planlar hazırlanır.