24 Fevral 16:45
300

Əslində Ermənistanın Baş naziri Nikol Paşinyan demək istəyir ki, ondan əvvəlki hakimiyyət erməni ordusundan oğurluq edib. O cümlədən orduya yararsız silahlar alınıb və bu onu göstərir ki, həmin hakimiyyət tamamilə başqa qüvvələrə arxayın idi. Müharibəyə xərclənən vəsaitləri oğurlayaraq düşünürdülər ki, onların müdafiəsinə başqa qüvvələr gələcək.

Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə İrəvan və Moskvada ciddi müzakirələrə səbəb olan “İsgəndər” raket sistemlərinin Qarabağ müharibəsində uğursuz olmasına dair Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

Asim Mollazadə bildirib ki, bir çox beynəlxalq silah satıcılarının da bu prosesdə işirak istisna deyil:

“Bildiyiniz kimi Ermənistana verilən silahlar əslində başqa yerlərə ünvanlanmışdı. Böyük oyunlar gedir. Beynəlxalq silah satıcıları arasında erməni diaspora nümayəndələri də var. Mənə elə gəlir ki, indi bir-birini ittiham edən Ermənistanın keçmiş və indiki hakimiyyəti sandığı açıb pambığı tökürlər. Yəni bir-birini ifşa edirlər. Buna da normal yanaşmaq lazımdır. Müharibəni uduzan ölkələrdə belə halların baş verməsi təbiidir”.

Mollazadəyə görə, bir sıra rusiyalı deputat və ictimai-siyasi xadimin Nikol Paşinyanın “İsgəndər” raket sistemləri haqqında bəyanatına etirazla yanaşması başadüşüləndir:

“Rusiyanın reaksiyası əslində onun son vaxtlar reklam etdiyi silahlara Paşinyan tərəfindən şübhələrin yaradılmasına görədir. Çünki Rusiya “İsgəndər” komplekslərini hazırda silah bazarında reklam edir. Paşinyanın sözləri isə onlara zərbədir”.


Müəllif: Cavad