Əfqanıstanda son Britaniya hərbi bazası Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarətinə verilib. Teleqraf.com-un interfax.ru-ya isitnadən məlumatına görə, ölkənin Qelmend əyalətində Kemp-Bastionda Britaniya bayrağı artıq endirilib.
Bu, faktiki olaraq, Böyük Britaniya üçün Əfqanıstanda müharibənin bitməsi deməkdir. Britaniya ordusu Əfqanıstanda mövcudluğu dövründə taliblərə və "Əl-Qaidə" döyüşçülərinə qarşı əməliyyatlarda 453 hərbçi itirib.
Məsələyə münasibət bildirən Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon etiraf edib ki, 13 il ərzində aparılan hərbi əməliyyatlar nəticəsində "Taliban"a qalib gəlmək mümkün olmayıb: “İndi təhlükəsizliklə bağlı vəziyyətin inkişafına görə məsuliyyət tam şəkildə əfaqan qüvvələrinin üzərinə düşür”. Fellon ordu kadrlarının hazırlığında əfqan hərbçilərinə yardım göstərməkdə davam etməyə söz verib.
Britaniya qoşunları Əfqanıstanda 2001-ci ildən yerləşdirilib. Kemp-Bastion 2006-cı ildən ölkədə Britaniyanın əsas bazası olub. 2009-cu ildə müharibənin qızğın çağında Əfqanıstanın cənubunda Böyük Britaniyanın 10 min hərbi qulluqçusunun yerləşdiyi 137 patrul bazası məhz Kemp Bationdan idarə olunurdu.
Nail Cəlil