Braziliyada 143 milyon seçicinin böyük hissəsi ilk turü 5 oktyabrda keçirilən prezident seçkilərinin ikinci turunda iştirak edib. Seçkilərdə mövcud dövlət başçısı və İşçi Partiyasının namizədi Dilma Rousseff və sağ mərkəzçilərin namizədi Aecio Neves yarışıb.
Teleqraf.com-un məlumatına görə, Rousseff artıq 99 faizi sayılan səslərin 51,5 faizini toplayıb. Onun rəqibi Neves isə cəmi 48,5 faiz səs toplaya bilib. Rousseffin bu zəfəri 12 il əvvəl iqtidara gələn İşçi Partiyasını 2018-ci ilə qədər iqtidarda saxlayacaq.
Hər iki namizəd də Cənub Amerikanın ən böyük iqtisadiyyatına malik olan Braziliyanı daha da inkişaf etdirəcəklərini və ölkəni daha rəqabətçi bir mövqeyə gətirəcəkləri vəd etmişdilər.
Seçkilərin ilk turunda Rousseff səs verənlərin 41, Neves 33,8, Sosialist Partiyasının namizədi və keçmiş ekologiya naziri Marina Silva isə 21faizinin dəstəyini qazanmışdı.
Silva ikinci turda sağ mərkəzçilərin namizədi Nevesi dəstəkləyəcəyini açıqlamışdı.
Nail Cəlil