Rusiyanın “Vaqner” silahlı qrupu Liviyadakı qiyamçı Haftar qüvvələrinin nəzarət etdiyi bölgələri ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.
Nəşr Haftar qüvvələrinin bölgədə özbaşınalıq etməyə başlayan “Vaqner”ə müqavimət göstərə bilmədiyini yazıb və qrupun sadəcə Kremldən gələn təlimatla hərəkət etdiyini bildirib.
Digər yandan, “Vaqner”in qurucusu Dmitri Utkinin bədənində nasist simvolları olan görüntüləri yayımlanıb. “Blumberq”in iddiasına görə, son gəlişmələrdən sonra BƏƏ Haftara maddi yaradımı dayandırmaq haqda qərar qəbul edib.
Mənbənin iddiasına görə, general Xəlifə Haftar ABŞ-ın “Şeytanla anlaşırsan, bunu etmə” xəbərdarlığını dinləməyərək, Rusiyanın “Vaqner” qrupuyla razılaşmışdı.
Adını Nasist Almaniyasının lideri Adolf Hitlerin ən sevdiyi bəstəkar Riçard Vaqnerdən alan bu qaranlıq təşkilat Liviyada Haftarın başına bəla olmağa başlayıb.
“The Times” qəzetinin xəbərinə görə, paytaxt Tripolini ələ keçirmək üçün BƏƏ ilə yanaşı, “Vaqner”lə də anlaşan Haftar ölkənin yarısını bu muzdlu qrupun qarşısında əldən verib. Artıq sadəcə Kremldən gələn təlimatları yerinə yetirən “Vaqner”in Əl-Cufra kimi ölkənin mərkəzində yerləşən strateji bölgələri ələ keçirməsindən sonra Liviyanın böyük hissəsi Haftar və BƏƏ-nin nəzarətindən çıxıb.
“Vaxtilə Haftarın nəzarət etdiyi bölgələrin yeni sahibi artıq Rusiyanın muzdlu hərbçiləridir”, - nəşr bildirib.
Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojinin rəhbərlik etdiyi şirkət rus ordusu və kəşfiyyatı ilə əlaqələndirilir. “Vaqner”in qurucusunun əslən ukraynalı olan Dmitri Utkin olduğu bildirilir. İlk dəfə 2014-cü ildə Krım işğalında ortaya çıxan və Rusiyanın maraqlarına uyğun olaraq bu ölkədə bir çox ölkədə qanlı aktlara imza atan qrup, xüsusilə Latın Amerikası, Afrika və Yaxın Şərqdə fəaliyyət göstərir. Kremlin “Vaqner”lə əlaqəsinin olduğu iddiasını qəbul etmir.
Qrup, eyni zamanda nasist ideologiyasını təcəssüm etdirir. “Times” qəzeti Utkinin bu yaxınlarda bir Teleqram kanalında görünən və bədənində müxtəlif nasist simvolları olan bir fotoşəklini yayımlayıb.
ABŞ tərəfinin sanksiya tətbiq etdiyi bu qrupa Liviyada ən böyük dəstəyi BƏƏ verir. ABŞ-ın yeni Prezidenti Co Bayden Əbu-Dabidən “Vaqner”lə əlaqələrini dərhal kəsməsini istəyir. “Blumber” bu xəbərdarlıqdan sonra BƏƏ-nin Haftar və “Vaqner”ə dəstəyi dayandırmağa hazırlaşdığını bildirib.