2 Mart 2021 12:34
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Boris Yeltsinin komandasında ermənilərlə azərbaycanlılar arasında nifrəti ən çox qızışdıran SSRİ Ali Sovetinin deputatı Qalina Starovoytova idi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin sədrindən ölkəmizdə olan iki erməni qadının Ermənistana qaytarılmasına yardım göstərməyini xahiş edib:

“Matviyenkoya da belə bir xahişlə Ermənistan parlamentinin sədri Ararat Mirzoyana müraciət ünvanlayıb. Doğrusu, Valentina Matviyenkonun Ararat Mirzoyandan “qadınların” kimliyi və hansı səbəbdən Azərbaycanda olduqları barədə məlumat alıb-almadığını deyə bilmərəm. Amma erməni separatçılarının və Azərbaycan torpaqlarının işğalı prosesinin dəstəkçisi və ideoloqlarından biri olan Qalina Starovoqtovanın sevimlisi Valentina Matviyenkonun Azərbaycan tərəfinə müraciətdən öncə xahişində bulunduğu qadınlar haqqında araşdırma aparmağa borclu olduğunu düşünürəm. Hər halda onlar Azərbaycana dolmanın, yaxud lavaşın sirrlərini öyrənmək üçün gətirilməyiblər. Matvyenkonun “qadın” dedikləri, müharibə cinayətkarlarıdır, əlləri Azərbaycan xalqının qanına bulaşan qatillərdir.

Matviyenkoya gəldikdə isə, o, Sankt-Peterburqun qubernatoru olduğu dönəmdə, pərəstiş etdiyi Qalina Starovoytovanın “adının əbədiləşdirilməsi” üçün əlindən gələn hər şeyi edib. Sankt-Peterburqun ən gözəl ərazilərindən birində - Suvorov prospektində Qalina Starovoytovaya abidə ucaltdırıb, məktəblərdən birinə onun adını verib. İndi isə Valentina Matviyenkonun pərəstiş etdiyi Qalina Starovoytova haqqında dediklərinə diqqət yetirək.

Sitat: “Qalina Starovoytova dahi və barışmaz siyasətçi idi. Onu qorxutmaq, satın almaq mümkün deyildi. Amma hədəfə çatmaq üçün kompromisslərə də hazır idi və bu keyfiyyət hazırda bizim cəmiyyətimizdə çatışmır. Qalina Starovoytova Rusiyanın müasir tarixində elm adamı, hüquq müdafiəçisi kimi silinməz izlər buraxıb. Onun şəxsində Rusiya siyasəti özünün ən ləyaqətli və ziyalı təmsilçisini itirib”.

Elçin Mirzəbəyli qeyd edib ki, Matviyenkodan öncə Sankt-Peterburqa rəhbərlik edən Vladimir Yakovlev və Aleksandr Beqlov Qalina Starovoytovanın “xatirəsinin əbədiləşdirilməsi” ilə bağlı müraciətlərə önəm verməyiblər, çünki onun xəyanətkar, satqın və ləyaqətsiz biri olduğunu çox yaxşı bilirdilər:

“Xatırladım ki, Boris Yeltsinin komandasında ermənilərlə azərbaycanlılar arasında nifrəti ən çox qızışdıran SSRİ Ali Sovetinin deputatı Qalina Starovoytova idi. O, separatçıların “Qarabağ” komitəsinə fəal köməklik göstərirdi. Starovoytova Qarabağa müstəqillik verilməsinin əsas tərəfdarlarından biri idi.

Məşhur hüquq müdafiəçisi Svetlana Qanuşkina “Vlast” jurnalının səhifələrində xatırlayırdı ki, hələ 1980-ci illərin ortalarında paytaxt deputatlarının Qarabağa həsr olunan toplantılarının birində Starovoytova deyirdi ki, “xristianlıq demokrtaik, islam isə qeyri-demokratik dindir”. Şərhə ehtiyac yoxdur. Sumqayıt təxribatının ideoloqlarından biri olan Starovoytova separatçı “Qarabağ” komitəsi ilə Yeltsinin başçılıq etdiyi Rusiya demokratlarının qrupu arasında əlaqələndirici şəxs, daha dəqiq desək ermənilərin vəkili qismində çıxış edirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər