“ABŞ və Türkiyə prezidentləri arasındakı görüş qarşıdakı günlərdə keçiriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
O, ABŞ-ın Rusiyadan müdafiə sistemləri alan Türkiyəyə qarşı təzyiqlərindən danışıb:
“Prezident Rəcəb Tayyib Ərdoğan uzun illər “Patriot” müdafiə sistemlərinin alınması üçün səy göstərdi. Təəssüf ki, Amerika tərəfi bizi razı salacaq, qəbul edəcəyimiz təklif irəli sürmədi. Nəticədə Türkiyə alternativsiz olmadığını göstərərək, “S-400”-ləri aldı. Bu qərardan geri addım atmaq müzakirə mövzusu deyil”.
Prezidentin sözçüsü Rusiya raketlərinin NATO-nun müdafiə sistemləri və “F-35” qırıcıları üçün təhlükə yaratmadığını bildirib:
“Biz “S-400”lərin NATO-nun müdafiə sistemləri və “F-35”lər baxımından təhlükə yaratmadığını araşdırmaq üçün bir mexanizm qurulucağına inanırıq. Bundan əvvəl belə bir təklif vermişik, indi bunu yeniləyirik. Orada irəli doğru bir məsafə qət edəcəyimizə inanırıq, bu mümkündür”.
İbrahim Kalın Türkiyə və ABŞ liderləri arasında görüşün keçirilməsi ehtimalından da bəhs edib:
“Bununla bağlı dəqiqləşdirilmiş bir tarix yoxdur. Amma bu görüş qarşıdakı günlərdə gec-tez baş tutacaq.
İkitərəfli münasibətlərin önəmini nəzərə alsaq, əlbəttə, ABŞ-ın Türkiyə kimi bir ölkəni görməzdən gəlməyəcəyini deyə bilərik. Prezidentimiz münasibətlərin strateji çərçivədə qiymətləndirilməsinin tərəfdarıdır. Həmkarına deyəcəyi və müzakirə edəcəyi önəmli məsələlər var. Əlbəttə, onu da dinləyəcək”.