2 Mart 20:43
784

Myanmada hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı etirazlar davam etdiyi vaxt təhlükəsizlik qüvvələri nümayişçilərə odlu silahdan atəş açıb.

Teleqraf.com xəbər verir ki, Yanqon şəhərində baş verən hadisədə çox sayda insan yaralanıb.

Leşiyo şəhərindəki etirazları dağıdan təhlükəsizlik qüvvələri bir kilsəyə basqın edərək 10 nəfəri saxlayıb.

Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) tərəfindən verilən açıqlamada fevralın 1-də hərbi çevrilişə qarşı nümayişlərin başlamasından bəri təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 30 nəfərin öldüyü bildirilib.

Açıqlamada çevrilişdən bəri 1213 nəfərin saxlanıldığı və bu şəxslərdən 913 nəfərin hələ də həbsdə olduğu deyilib.

Myanma ordusu ötən il noyabrın 8-da keçirilmiş seçkilərin saxtalaşdırılması iddiasını irəli sürülməsindən sonra fevralın 1-də rəhbərliyi ələ keçirdiyini açıqlayıb.

Ordu xarici işlər naziri və ölkənin faktiki lideri Aun San Suu Çii başda olmaqla bir çox yüksək rütbəli dövlət rəsmisini və hakim partiyanın liderini nəzarətə götürüb və bir il boyunca ölkədə fövqəladə vəziyyət elan edib.

BMT, Avropa Birliyi, ABŞ, İngiltərə, Türkiyə başda olmaqla, bir çox beynəxalq təşkilat və ölkə çevrilişi qınayan bəyanat yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu