“Diplomatiyada peşəkarlıq cinsdən daha vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Novosti” agentliyinə müsahibəsində deyib.
“Hər bir insanın özünəməxsus xüsusiyyətləri var. Bəziləri daha duyğulu, bəziləri daha təmkinli, bəziləri daha təcrübəli, bəziləri daha az təcrübəlidir. Mən qarşılıqlı əlaqədə olduğum həmkarlarıma yalnız bu nöqteyi-nəzərdən baxıram”, - Zaxarova bildirib.
Zaxarova diplomatiya sahəsindəki həmkarlarını kişi və qadın cinslərinə ayırmadığını bildirib: “Sadəcə bir insanı onunla işləyərkən daha yaxşı tanıyırsınız. Buna görə dürüst olmaq üçün tərəfdaşlarımı kişilərə və qadınlara ayırmıram”.
Bununla belə, o, qadın siyasətçilərin kişilərdən daha duyğusal olduğunu söyləyib:
“Əlbəttə ki, diplomatiyada qadınların da öz yeri var. Mənə elə gəlir ki, qadınlar bəzi məqamlarda daha çox duyğulu olur, amma hamısı yox, bu yenə də ümumi qayda deyil, hərdən olur... Xüsusən Qərb tərəfdaşlarımız haqqında deyə bilərəm ki, diplomatik işlərlə yanaşı, özlərinə aid əlavə gündəliyə sahibdirlər: qadınların hüquqlarını müdafiə edirlər, gender məsələləri ilə məşğul olurlar. Bu, həqiqətən çoxları üçün tipikdir, peşəkarlıq hər şeydən vacibdir”.
Zaxarovanın sözlərinə görə, son illər qadın həmkarlar 8 Mart münasibətilə təbrik etməkdə kişilərdən daha fəaldırlar:
“Yəqin son illərdəki bu tendensiya barədə məlumatınız var - qadınlar qadınları daha çox təbrik etməyə başlayıblar. Əvvəllər, məsələn, 10 il öncə kişilərin qadınları təbrik etməsi ənənəsi var idi. İndi qadınlar qadınları daha çox təbrik edir, nəinki kişilər qadınları...”.