Bu gün Azərbaycan tarixinin ən yaxşı dövrünü yaşayır və Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Bütün bu böyük uğurlar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qazanılıb.
Teleqraf.com xəbər verir ki, bu fikirlər Moldovanın nüfuzlu “Noi.md” xəbər portalında dərc olunmuş məqalədə yer alıb.
Müəllifi ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov olan yazıda qeyd edilib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində bölgədə həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən güclü və nüfuzlu ölkəyə çevrilib, orada hakimiyyət-xalq birliyi mövcuddur.
“Bütün bunlar Vətən müharibəsi zamanı bütün dünyaya açıq şəkildə göstərildi və qazanılan şanlı Qələbə tarixdə əbədi qalacaq. Müharibə nəticəsində işğaldan azad olunan ərazilər nəinki yenidən qurulur və bərpa edilir, orada iqtisadiyyat da inkişaf etdirilir, tamamilə yeni sistem qurulur, sosial əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub”, - deyə Qüdsi Osmanov bildirib.
Səfir, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən, ölkəmizin iqtisadi və hərbi sahələrdə uğurlarından ətraflı bəhs edib.