“Rəsmi Kiyev Qərb ölkələrini Ukraynanın şərqindəki münaqişənin alovlanmasının qarşısını almağa çağırıb. Son xəbərlərdən görünür ki, yaza doğru getdikcə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi nəticəsində başlamış münaqişə aktiv fazaya keçəcək. Bu isə düşündüyümüzdən daha böyük və daha çoxşaxəli proses ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspertə görə, bu dəfə vəziyyət əvvəlki kimi olmayacaq və separatçılar ağır itkilər verəcək, çünki indi Ukrayna münaqişənin növbəti fazasına əvvəlkindən daha hazırlıqlı görünür:
“Bəs Rusiya necə Ukrayna ilə açıq münaqişəyə gedəcəkmi? Yəni Şərqi Ukraynanın separatçıların nəzarətində olan ərazilərinə hərbi qüvvələrini yollayacaqmı? Sual ritorik deyil, çünki Rusiyanın öz sərhədləri yaxınlığında yaratmış olduğu ərazi və etnik-ərazi münaqişələr Moskvanın özünə qarşı təhdid mənbəyinə çevrilir.
Bu isə Rusiyadan iki variantdan birini seçməyi tələb edir. Birincisi, Rusiya öz qoşunları ilə birbaşa müdaxilə etmir və separatçılar məğlub olurlar, Ukrayna isə öz ərazilərinin xeyli hissəsinə nəzarəti bərpa edir. Təxminən İkinci Qarabağ savaşında olduğu kimi... İkincisi, Rusiya müdaxilə edir və de-yure müharibə tərəfinə çevrilir.
Birinci halda öz ərazilərinə nəzarəti qismən də olsa bərpa edən Ukrayna Rusiya ilə daha az hesablaşır və Moskva da bununla barışmalı olur. Rusiyanın “sülhməramlı əməliyyat”ının Ukraynada reallaşmaq şansı sıfıra bərabərdir, çünki buna nə Kiyev, nə Qərb, nə də ABŞ razıdır. Belə olduqda da Moskva SSRİ modelinin bərpası ilə bağlı xülyalarını birdəfəlik dəfn etməli olacaq. Moskvanın buna razılaşması Rusiyada onsuz da yüksələn xətt üzrə gedən hakimiyyətdaxili ziddiyyətlərin daha da sürətlənməsi demək olardı”.
Ərəstun Oruclu qeyd edib ki, Qarabağdan sonra Şərqi Ukraynada uğurlu hərbi əməliyyat eyni problemləri olan digər MDB ölkələrini də adekvat addımlar atmağa sövq edə bilər:
“Bu halda da Moskva təkcə onlara təsir vasitəsi olan münaqişələri itirmir, həm də onun təsirindən çıxan ölkələrin Rusiyaya qarşı çevrilməsilə üzləşmiş olur. İkinci halda Rusiya hərbi güc hesabına uğur qazansa da (hərçənd ki, Ukrayna məsələsində bunun özü də xeyli şübhəlidir), güclü beynəlxalq sanksiyalara məruz qalmalı olur. Bu dəfə tətbiq olunan sanksiyalar isə onu həm iqtisadi, həm də siyasi baxımdan əsaslı şəkildə sarsıda bilər. Bunun da nəticəsi daxili siyasi çəkişmələrin kəskinləşməsi demək olacaq.
Dilemma qarşısında qalan Rusiyanın hansı addımı ata biləcəyini demək çətin də olsa, Moskvanın hər hansı bir hibrid varianta əl atması istisna deyil. Məsələn, Moskva separatçılara müasir silahlarla yanaşı, həm də canlı qüvvə ilə dəstək verir. Başqa sözlə desək, çoxsaylı rus hərbçiləri separatçıların hərbi dəstələrinə “qoşulurlar”. Amma bu halda da Moskva üçün iki real təhlükə qaçılmaz ola bilər, özü də eyni zamanda - hərbi məğlubiyyət və beynəlxalq sanksiyalar.
Odur ki, Moskvanın nəyə əl atacağını söyləmək bir o qədər də asan deyil. Amma artıq bu gün bir şeyi dəqiq demək olar: Rusiyanın post-sovet ölkələrə qurduğu tələlər indi onun özünü hər tərəfdən sıx əhatə edib. Odur ki, bir azdan Moskva üçün nəinki addım atmaq, hətta yerində tərpənmək belə çox riskli ola bilər”.