İranın “IRISL” dövlət şirkətinə məxsus konteyner gəmisi Aralıq dənizində baş vermiş partlayış nəticəsində zərər görüb.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Şirkətin rəsmi nümayəndəsi Əli Qiasinin bildirdiyinə görə, insident zamanı İran bayrağı altında üzən “Shahr-E-Kord” gəmisinə ciddi ziyan dəyməyib. Partlayış nəticəsində gəmi heyəti də xəsarət almayıb.
Qiasi bu hadisəni dəniz quldurluğuna bərabər terror aktı adlandırıb: “Bu cür terror aktları dəniz quldurluğuna bərabərdir və ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq qanuna ziddir. Cinayətkarların müvafiq beynəlxalq qurumlar vasitəsilə müəyyənləşdirilməsi üçün qanuni tədbirlər görüləcək”.
Məlumata görə, konteyner gəmisi Avropaya istiqamət alıbmış, ancaq hazırda təmir üçün İrana qayıdır. İran tərəfi gəminin hələlik bilinməyən silahlılar tərəfindən qəsdən hədəf alındığı qənaətindədir.
Qeyd edək ki, bundan iki həftə əvvəl Oman körfəzində Israilə məxsus gəmi partladılmışdı. İsrailin baş naziri Benjamin Netanyahu bunun arxasında İranın dayandığını iddia etsə də, rəsmi Tehran bu ittihamı rədd edib.